“Əmlak bazarında mənzillər real qiymətdən yüksək satılır”

Vəfadar Axundov: “Paytaxtda tikinti işləri dayandırılır və şəhərətrafı ərazilərə köçürülür”
Son vaxtlar ölkənin tikinti bazarında durğunluq müşahidə olunur. Belə ki, evlərin qiymətinin hələ də yüksək olması, ev alqı-satqısının səviyyəsinə öz təsirini göstərib. Paytaxtda tikinti işlərinin böyük ölçüdə başa çatdırılaraq, şəhər ətrafına köçürülməsi də prosesə təsir edib.

Ölkənin əmlak bazarında durğunluq hökm sürür. Satıcıların sayı dəyişməsə də, alıcıların sayı kifayət qədər azalıb. Səbəb kimi, ev qiymətlərinin hələ də yüksək olaraq qalması göstərilir. Digər tərəfdən, ekspertlər alıcıların əsasən təmirli evlərə maraq göstərməsini də xüsusi vurğulayırlar .

Azərbaycan Rieltorlar Assosiasiyasının prezidenti Vəfadar Axundovun sözlərinə görə, bazarda təmirli evlər azdır: “Bu gün bu rəqəm həddindən artıq azdır. Əldə olunanlar isə artıq satılıb. Bazarda olan evlər isə bu gün həddindən artıq baha qiymətə satılır”.

Ev probleminin yaranmasının əsas səbəbi kimi, həm də paytaxtın mərkəzində satışa çıxarılan yeni tikililərin azalmasıdır. Belə ki, bir çox tikinti şirkətləri ya fəaliyyətlərini dayandırıblar, ya da şəhərdən kənara çıxaraq ev tikintisini şəhərətrafında həyata keçirirlər. Əsas təhsil və iş müəssisələri isə şəhərdə yerləşdiyi üçün təbii ki, sakinlər şəhərətrafı evlərə deyil, şəhərdaxili mənzillərə üstünlük verirlər. Digər bir problem isə satışda olan bir çox evlərin rəsmi sənədinin, təmir və yaşayış üçün lazımı şəraitinin olmamasıdır.

V. Axudovun sözlərinə görə, əmlak bazarında mənzillərin qiyməti yüksək olaraq qalır, bəzənsə evlər hətta real qiymətdən baha satılır: “Evlər qiymətindən baha satılır. Bazara çıxarılan hər hansısa təmirli evin qiyməti çox baha olduğundan, alıcı bazarı gəzir və görür ki, onun axtardığı qiymətdə ev yoxdur. Təbii ki, o da məcbur olur qiymətindən baha olan evi alır”.

Köhnə evlərlə, yeni tikililər arasında olan qiymət fərqinə gəldikdə isə, mütəxəssis köhnə tikililərin daha baha olması ilə əsaslandırır. Buna səbəb olaraq mənzillərin ümumi sahəsinin kiçik, lakin daha davamlı və etibarlı olması göstərilir.

Köhnə tikililərin şəhərin daha yaxşı yerində yerləşməsi və onların rəsmi sənədlərin yerli-yerində olması isə bu mənzillərin ipoteka ilə alınmasına tələbatı da artırır.