Azərbaycanda işıqpulu artırıldı

Yeni tariflər sabahdan etibarən qüvvəyə minir.
Arxiv
Arxiv

Bu gün Azərbaycan Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

Şuranın Katibliyindən ANS PRESS-ə verilən məlumata görə, iclasda "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin və "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin müraciətləri nəzərə alınaraq elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edilib.

Son 10 ildə enerji sisteminin istehsal gücü 5590 meqavatdan 7160 meqavata çatdırılmış, abonentlərin sayı təxminən 1 milyona yaxın artaraq 2,5 milyonu ötüb. Qeyd edək ki, əhali qrupu üzrə abonentlərin sayğacla təmin edilməsi ödənişsiz olaraq paylayıcı şəbəkə tərəfindən həyata keçirilir.

Bu illər ərzində transformatorların, elektrik avadanlıqları və komplektləşdirici vasitələrin, digər xammal və materialların qiymətlərində ciddi artım müşahidə edilmişdir. Bununla yanaşı, elektrik stansiyalarının və paylayıcı şəbəkələrin normal istismar vəziyyətində saxlanılması və artan elektrik enerjisi tələbatının ödənilməsi üçün irihəcmli investisiya qoyuluşları tələb olunur.

Enerji təchizatında dayanıqlılığın və keyfiyyətli xidmətin davamlılığının təmin edilməsi, istehsalçının və paylayıcı şəbəkənin maliyyə asılılığının azaldılması və perspektiv inkişafı məqsədilə bir kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik (əvvəl 6 qəpik) müəyyən edilib.

İşıq sayğacı
İşıq sayğacı

Təsdiq edilmiş yeni tariflər region ölkələrindəki faktiki tariflərlə müqayisədə aşağı səviyyədədir.

Tarif tənzimləməsindən sonra əldə ediləcək gəlir müvafiq subyektlərin dövlət büdcəsindən asılılığının azaldılmasına, bu sistemdə çalışan 18 mindən artıq işçinin əməkhaqlarının artırılmasına imkan verəcək.

Yeni tariflər 2016-cı il 15 iyul tarixindən qüvvəyə minəcəkdir. Bu tarixədək istehlak olunan elektrik enerjisinə görə yaranan borclar əvvəlki tariflə ödəniləcək.

 

Şərhlər