Şair Qabil – “Poet Qabil”

“Palmali” daha bir şairimizin xatirəsini əbədiləşdirdi
Bu günlərdə qardaş Türkiyədən bir şad xəbər aldıq. “Palmali” Şirkətlər Qrupunun RST22M layihəsi üzrə inşa etdirdiyi Armada tipli, 7100 tonluq neft tankerinə Azərbaycanın Xalq Şairi, mərhum Qabilin adı verilib. Amma bu xəbər mətbuatımızda “biznes sövdələşməsi” kimi dəyərləndirildi. Məsələyə “Palmali” Şirkətlər Qrupununinin vitse-prezidenti İbrahim Nəbioğlunun və şair Qabilin varisi Mahir Qabiloğlunun münasibətini öyrəndik.

Mahir Qabiloğlu: “Bu xəbəri mən ilk növbədə “Palmali” şirkətinin öz xalqının böyük şəxsiyyətlərindən daha birinin xatirəsinə verdiyi qiymət kimi qəbul etdim. Yəqin ki, bütün dünya azərbaycanlıları da mənim bu fikrimlə həmrəydirlər. Çünki Türkün bayrağı altında “Poet Qabil” gəmisinin də dünya sularında üzməsi xalqımız üçün çox qürurverici bir haldır.

- Bu xəbəri ilk olaraq hardan eşitdiniz?

- “Palmali” Şirkətlər Qrupunun vitse-prezidenti, keçmiş həmkarım İbrahim Nəbioğlu verdi bu xəbəri mənə.Özü də aprelin 3-də. Bilirsinizmi, aprelin 4-ü atamın ölümünün 8-ci ildönümü ərəfəsində bu xəbər mənimçün ikiqat qiymətli, sevindirici oldu. Göz yaşlarımı saxlaya bilmədim. Bu İmamverdiyevlər ailəsi üçün böyük hədiyyə idi desəm, yanılmaram.

- Bu yaxında çap olunan “Qabilin mənəvi övladları” adlı yazınızda atanızın şeirindən bir bənd vermişdiniz...

- Düz deyirsiniz. Həmin dəqiqə atamın həmin 4 misrası yadıma düşdü.
Saysız şer içində adi şersən,
Ancaq nə şərikin, nə ortağın var.
Böyük bir axında üzüb gedirsən,
Xırdaca gəmisən, öz bayrağın var

Atam poeziyasını öz bayrağı olan xırdaca gəmiyə bənzətmişdi. Amma bənzətmək başqa, reallıq isə tam başqa. “Palmali” şirkəti və onun rəhbəri, həmyerlimiz, tanınmış işadamı, xeyriyyəçi, ürəyi Azərbaycanla döyünən Mübariz Mənsimov, vitse-prezidenti İbrahim Nəbioğlu nəinki atamın şeirlərini, bütövlükdə Qabili nəhəng bir gəminin adında əbədiləşdirməklə, onun poetik bənzətməsini reallığa çevirdilər. Yazımın adından çıxış etsəm atam Qabilin mənəvi övladlarının sırasına daha ikisi əlavə olundu: Mübariz Mənsimov və

İbrahim Nəbioğlu.
- Mətbuatı izləsək, bu “Palmali”nin ilk addımı deyil...
- Düzdür. Mən “Palmali”nin bu addımına təkcə öz minnətdarlıq sözlərimlə cavab versəydim, bu çox kiçik görsənərdi. Axı, “Palmali” və Mübariz Mənsimov təkcə bu addımıyla mənə əziz deyillər. Bu şirkətə mənim çoxdan böyük rəğbətim var. Məsələn, xalqımızın böyük yazıçıları və mənim əmilərim-qonşularım sayılan İsmayıl Şıxlı və Bəxtiyar Vahabzadənin adına da gəmi verəndə eyni fəxarət hissini keçirmişdim. Sevinirəm ki, bir vaxtlar Hüsü Hacıyev küşəsi 19-da 3-cü, 4-cü, 5-ci mərtəbələrdə yaşayan və qonşu olan bu şəxslər dünya okeanlarında da yanaşıdırlar, mehriban qonşudurlar. Əlbəttə ki, “Palmali”nin xalqımızın sayseçmə övladlarına verdiyi qiymətin sayəsində.

Məsələylə bağlı “Palmali” şirkətinin vitse-prezidenti İbrahim Nəbioğlunun da fikirlərini öyrəndik:
İbrahim Nəbioğlu: “Şirkətimiz təkcə biznes maraqlarını irəli çəkmir. Xarici ölkələrdə fəaliyyət göstərməyinə baxmayaraq Azərbaycanın mədəniyyətinin, incəsənətinin, idmanının inkişafına da öz töhfələrini verir. Bu günə qədər inşa etdiyi və dünya sularında üzən gəmilərin əksəriyyətinə xalqımızın sayseçmə övladlarının adları verilib. Bu “Palmali”nin prezidenti Mübariz Mənsimovun tutduğu kursdur və bunu uğurla davam etdirir. Növbəti, yeni Armada tipli neft tankerinə Xalq şairimiz Qabilin adının verilməsi də bu dediklərimin daha bir bariz nümunəsidir. Onu da vurğulayım ki, sağlığında qiymətini alan böyük şairimiz Qabilin xatirəsi bundan da yüksək adlara layiqdir.

- İbrahim müəllim, tankerin adını “Poet Qabil” adlandırmısınız. Niyə məhz belə, sadəcə “Qabil” və ya “Shair Qabil” yox?

- Siz də yaxşı bilirsiniz ki, ad vacib məsələdir. Ad üzərində, daha doğrusu onun yazılışı üzərində biz də xeyli düşündük. Gəminin dünya sularında üzməsi amili də əsas təsiredici rol oynayır bu baxımdan. Əgər “Qabil” adı qoysaydıq, bunu əcnəbilər şair Qabil kimi yox, Adəm peyğəmbərin oğlunun adı olduğunu zənn edəcəkdilər. Əgər “Shair Qabil”, yəni bizim “şair” sözünün deyiliş formasını ingilis əlifbasında yazsaydıq, bunu ancaq biz başa düşəcəkdik. Amma məhz “Poet Qabil” kimi yazılması və ingilis, rus və digər dillərdə bunun tərcüməsinin “Şair Qabil” olması nəzərə alınaraq bu variant qəbul olundu. Gəlin hamılıqla Xalq şairimiz Qabilin adını daşıyan “Poet Qabil” gəmisinə uğurlu yol arzulayaq.

Uğurlu yol, “Poet Qabil”