Dəmiryolu zolağındakı qeyri-qanuni tikililər nə vaxt söküləcək? (MÜSAHİBƏ)

Arif Əsgərov: "Son qərarı Nazirlər Kabineti verəcək"
Azərbaycan Respublikası Prezidentinin 7 oktyabr 2005-ci il tarixli sərəncamı ilə 13 oktyabr dəmiryol işçilərinin peşə bayramı günü kimi təsis olunub. Artıq doqquz ildir ki, bu gün Azərbaycanda dəmiryolçuların peşə bayramı kimi qeyd olunur. Trend bu bayram ərəfəsində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərovla müsahibəni təqdim edir.

- Arif müəllim, Azərbaycanda dəmiryolunun yaranma tarixi haqqında qısaca məlumat verməyinizi xahiş edirik.
- Azərbaycanda dəmiryolunun yaranma tarixi on doqquzuncu əsrin sonlarına təsadüf edir. Ölkəmizdə dəmiryolunun təməli hələ 1878-ci ildə qoyulub və inşası 1880-ci ilin yanvarında başa çatıb. Bu, uzunluğu 20 km olan Bakı-Suraxanı-Sabunçu dəmiryolundan ibarət olub.
Həmin tarixi dövrdən başlayaraq Azərbaycan dəmiryolu yükdaşınmasına olan tələbatın artdığını nəzərə alaraq inkişaf edib və təkmilləşib. Hazırda baş yolların ümumi uzunluğu 2898,9 km, istismar uzunluğu 2068,1 km-dir ki, onlardan da 802,3 km-i ikiyolludur. Yolun ümumi istismar uzunluğunun 1229,5 km-i və ya 68,2 faizi elektrikləşdirilib, 838,6 km-i, yəni 31,8 faizi teplovoz dartısı ilə işləyir. 1527,7 km-i avtomatlaşdırılmış işarəvermə sistemi ilə təchiz edilib.
Azərbaycanın polad magistralı öz fəaliyyəti dövründə bir neçə dəfə Zaqafqaziya dəmiryolunun tərkibinə daxil edilib, sonradan müstəqil dəmiryolu kimi fəaliyyət göstərib. Sonuncu dəfə 1955-ci il oktyabrın 3-də Azərbaycan dəmiryolu SSRİ Nazirlər Sovetinin 1773 saylı qərarı ilə müstəqil dəmiryolu elan olunub. Azərbaycan SSR Nazirlər Sovetinin 13 oktyabr 1955-ci il 717 saylı qərarı ilə Azərbaycan dəmiryolu müstəqil dəmiryol kimi fəaliyyətini davam edib. Möhtərəm Prezidentimiz İlham Əliyev 13 oktyabrı dəmiryol işçilərinin peşə bayramı gününü təsis edərkən məhz bu tarixi əsas götürüb.
Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illəri Azərbaycan dəmiryolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. 1969-cu ildə ilk dəfə respublika rəhbərliyinə gələn Heydər Əliyevin şəxsi fəaliyyəti sayəsində bütün respublika iqtisadiyyatında olduğu kimi, dəmiryol nəqliyyatında da əsaslı dəyişikliklərə və köklü inkişafa təkan verildi.
Təkcə bir faktı demək lazımdır ki, Azərbaycan dəmiryolunda istifadəyə verilən mühüm obyektlərin böyük əksəriyyəti məhz onun təşəbbüsü və ciddi nəzarəti sayəsində istismara verilmişdir. Böyük öndərin qayğısı ilə dəmiryolunda həyata vəsiqə alan yenilikləri sadalamaqla qurtarmaq olmaz. Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı, 14300 texniki yeniləşmə metodları tətbiq edilib və bunlar dəmiryolunun bütün sahələrini əhatə edib. O, istər bilavasitə respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illər, istərsə də keçmiş SSRİ hökuməti rəhbərliyində fəaliyyətində olduğu 1983-87-ci illər ərzində dəmiryol müasir xarici texniki maşın-mexanizmlərlə və avadanlıqlarla təchiz edilib. Həmin illərdə Azərbaycan polad magistralının yüzlərlə ən yaxşı dəmiryolçusu SSRİ-nin orden və medalları ilə təltif olunmuşdur ki, bu da ümummilli lider tərəfəindən dəmiryoluna və dəmiryolçulara göstərdiyi böyük qayğı və diqqətin parlaq təzahürüdür. Bütün sahələrdə olduğu kimi, dəmiryolunda da rəhbər vəzifələrdə çalışan mütəxəssislərin böyük əksəriyyəti məhz böyük siyasi xadim Heydər Əliyevin qayğısı ilə 1970-1987-ci illərdə ölkədən xaricdə təhsil alıblar.
Bunlar sadəcə qısa xronologiya deyil, böyük bir sistemin inkişaf strategiyasını müəyyən edən şərtlərdir. Tarix göstərdi ki, ümummilli liderin zamanında atdığı hər bir addım gələcəyə hesablanmış strategiyanın reallaşmasını şərtləndirən əsas amillərdir.

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı "Azərbaycan Respublikasında dəmiryol nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamın icrası istiqamətində hansı işlər görülür?
- "Azərbaycan Respublikasında dəmiryol nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası sürətlə davam edir. Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir, bu günə kimi 282 km yol əsaslı təmir olunub, bunun 227 kilometri uzunölçülü relslərlə əvəzlənib.
Dövlət Proqramı çərçivəsində elektrik təchizatı, işarəvermə və rabitə təsərrüfatlarının yenidən qurulması istiqamətində işlər yeni mərhələyə qədəm qoyub. Yeni lokomotivlərin və müxtəlif təyinatlı vaqonların alınması da gündəmdədir.
Məlumdur ki, "Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı ilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti arasında Dəmiryol Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi, 450 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalanıb. Sentyabr ayında ilkin kreditə əlavə olaraq 220 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalanib. Əlavə maliyyələşdirmə vəsaitləri əsasən Bakıdan Gürcüstan sərhəddinə qədər sabit cərəyandan dəyişən cərəyana keçid və dəmiryol işarəvermə sisteminin yenidən qurulmasına sərf olunacaq.
Saloğlu-Poylu mənzilinin 73 km-də Kür çayı üzərindəki yeni ikinci körpünun və körpü üzərindən keçən dəmiryol xəttinin tikintisi, Çarxı-Sarvan mənzilinin 2508 km-də Vəlvələçay üzərində yerləşən dəmir-beton körpünün və Saatlı-Becar mənzilinin 98 km-də Araz çayı üzərində yerləşən metal körpünün rekonstruksiyası görülən işlər sırasındadır.
Dünya Bankının layihəsi çərçivəsində Bakı-Böyük Kəsik sahəsində dəyişən cərəyanlı dartı sisteminə keçidlə əlaqədar və 50 ədəd dəyişən cərəyanla işləyən yeni lokomotivlərin alınması üzrə müvafiq prosedurlara uyğun olaraq işlər davam etdirilir.
"Neft Dağılmalarına Qarşı Cavab Tədbirləri"ndə potensialın yaradılmasının tərkib hissələrindən biri kimi "Fövqəladə Hallar Qatarı" MMC-nin maddi-texniki bazasının yenidən qurulması istiqamətində bir sıra islahatlar aparılır. Zəruri yeni texnika, maşın-mexanizmlər, materiallar alınmış və "Fövqəladə Hallar Qatarı" MMC-nin Gəncə, Biləcəri, Hacıqabul, İmişli, Yevlax və Şabran bölmələri arasında paylanıb.
Dəmir yollarının təmiri və saxlanması üçün Avstriyadan alınmış yeni GSM 09-32, RM-80 və USP-2000 markalı yol təmiri maşınlarının fəaliyyəti və onların saxlanması üçün Biləcəridəki Motorlu rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri emalatxanasında anqarın tikintisi başa çatmaq üzrədir.
22 fevral 2012-ci ildə 24 saylı Salyan Rels-Qaynaqlama Qatarında 800 metrlik uzunölçülü relslərin hazırlanıb daşınmasına start verildi.
4 iyul 2012-ci ildə Qızılca qırmadaş zavodunun ikinci istehsal xətti və yeni bunkeri istismara verildi.
Sərnişinlərə göstərilən xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində mühüm işlər görülür. 1 mart 2012-ci ildən Bakı sərnişin stansiyasında gediş sənədlərinin (biletlərinin) dəyərinin plastik kartlardan istifadə etməklə bilet kassalarında quraşdırılmış Pos-terminallar vasitəsilə nəğdsiz ödənişi tətbiq edildi.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti 2013-cü ilin 9 ayı ərzində hansı göstəricilərə nail olub?
- "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin 2012-ci ilin 9 ayı ərzində istehsalat və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı göstəriciləri qənaətbəxşdir. Hesabat dövründə 17 milyon ton yük, 1,9 milyon nəfər sərnişin daşınıb.

- "Azərbaycan Dəmir Yolları" QSC-nin vaqon parkının yenilənməsi istiqamətində hansı işlər görülür?
-"Azərbaycan Respublikasında dəmiryol nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın Tədbirlər Planında bütün sahələrin, o cümlədən vaqon təsərrüfatının dirçəldilməsi üçün bütün məqamlar nəzərə alınıb.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus 60 ədəd sərnişin vaqonu təmir müddətinin keçməsi səbəbindən Ukrayna Respublikasına təmirə göndərilib, bu günə kimi 46 vaqon təmir olunaraq Azərbaycana gətirilib. Eyni zamanda Rusiya Federasiyasının Voronej şəhərinə göndərimiş 16 vaqondan 6-sı artıq ölkəmizə gətirilib. Hazırda Bakı-Tbilisi, Bakı-Moskva, Bakı-Xarkov və Bakı-Balakən şərnişin qatarları bu vaqonlardan tərtib olunub.
Neft və neft məhsullarının daşınması üçün 300 ədəd yeni çən vaqonlarının, quru yüklərin daşınması üçün vaqonların, yük vaqonlarının əsaslı təmiri üçün tələb olunan avadanlıq və ehtiyat hissələrinin alınması, Bakı vaqon deposunda sərnişin vaqonlarının əsaslı təmir bazasının yaradılması da gündəmdədir.

- Bakı-Tbilisi-Qars yeni dəmiryol bağlantısı layihəsinin icra vəziyyəti necədir?
- Azərbaycanın daha çox önəm verdiyi beynəlxalq layihələrdən biri olan Bakı-Tbilisi-Qars dəmiryolu bağlantısı layihəsinin reallaşması məsələsi Azərbaycan, Gürcüstan, Türkiyə hökumətləri və dəmir yolları rəhbərlərinin diqqət mərkəzindədir. Bu, hər üç ölkənin, eyni zamanda, həmin nəqliyyat dəhlizinin xidmətlərindən istifadə etmək marağında olan başqa ölkələrin də sıx nəqliyyat əlaqələri qurmasına böyük imkanlar açacaqdır.
Bakı-Tbilisi Qars yeni dəmiryol bağlantısının tikintisinin başa çatdırılması üçün işlər qrafik üzrə aparılır. Yolun birinci və ikinci mərhələsində işlər tamamlanıb, hazırda üçüncü mərhələdə işlər davam etdirilir. Eyni zamanda Gürcüstan və Türkiyə arasında 4,3 km uzunluğunda tunelin tikintisi davam etdirilir. Türkiyə hissəsində 2,2 km məsafədə işlər başa çatdırılıb, Gürcüstan hissəsində 200 metrə qədər məsafədə qazıntı işləri aparılır. Gürcüstan sərhədindəki Kartsaxi stansiyasında 18 km yeni yol və manevr işləri aparmaq üçün stansiyada 7 yol qoyulub.
Bildiyiniz kimi, Bakı-Tbilisi-Qars dəmiryol bağlantısının Gürcüstan hissəsinin tikintintisində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti "Dəmiryolservis" MMC-nin kollektivi podratçı təşkilat kimi iştirak edir. Layihə tam olaraq 2014-cü ildə istismara veriləcək.

- Dəmiryolunun təhkim zolağındakı qeyri-qanuni tikililərin sonrakı taleyi necə olacaq?
"Nəqliyyat haqqında" qanunun, Torpaq Məcəlləsinin və "Nəqliyyat Nazirliyi haqqında əsasnamə"nin tələblərinə uyğun olaraq Nazirlər Kabineti "Dəmiryol nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları"nın və "Dəmir yolları üçün və dəmiryolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma normaları"nın təsdiq edilməsi haqqında" 23 fevral 2005-ci ildə 33 saylı qərar qəbul edib.
Sənədin "Dəmiryolunun xüsusi mühafizə zonasında və təhkim zolağında, həmçinin dəmir yollarının sanitariya-mühafizə zonasında torpaq sahələrindən istifadə olunması" bölməsində qeyd edilib ki, xüsusi mühafizə zonası hüdudlarında yalnız dəmiryol obyektlərinin möhkəmliyi və dayanıqlığının təmin edilməsinə yönəldilmiş işlər görülə bilər. Xüsusi mühafizə zonası ərazisində hər hansı digər təsərrüfat fəaliyyəti qadağandır. Təhkim zolağı hüdudlarında müəyyən obyektin yerləşdirilməsinə Nəqliyyat Nazirliyinin razılığı ilə qanunvericilikdə nəzərdə tutulan qaydada rəsmi icazə verilə bilər.
Bütövlükdə respublika üzrə dəmiryolunun təhkim zolağında 2840 qeyri-qanuni tikili var. Onlardan 538-i qeyri-yaşayış, 2302-i isə yaşayış sahəsidir. Nəqliyyat Nazirliyinin müvafiq komissiyası 881 evin sökülməsini təxirəsalınmaz hesab edib, son qərar Nazirlər Kabineti tərəfindən veriləcək.

- Sonda əlavə etmək istədiyiniz başqa bir şey varmı?
- Mən əvvəlcə bütün dəmiryolçuları peşə bayramı münasibətilə ürəkdən təbrik edirəm! Son olaraq, qeyd etmək istəyirəm ki, dəmiryolçular əldə olunan nailiyyətləri bundan sonra daha da artıracaq, dövlətimizin və hökumətimizin qarşımızda irəli sürdüyü vəzifələrin uğurla yerinə yetirilməsi üçün bütün potensial imkanlardan səmərəli istifadə edəcək, onlara göstərilən etimadı əməli işlərlə doğruldacaqlar. "Azərbaycan Respublikasında dəmiryol nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı dəmiryolunun inkişafı üçün geniş imkanlar açır. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası nəticəsində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti dünyanın inkişaf etmiş ölkələrinin dəmir yolları arasında özünün layiqli yerini tutacaq.