Xəzər gələn il 5 yerə bölünəcək (FOTO)

Bu dənizin hüquqi statusunun müəyyənləşdirilməsi prosesi başa çatır.
Türkmənistan paytaxtı Aşqabad şəhərində 2016-cı ildə Xəzər dənizinin hüquqi statusu ilə bağlı növbəti Sammit keçiriləcək. Aşqabad Sammitində Xəzərin statusu ilə bağlı yekun yekdil qərərın əldə olunacağı gözlənilir.

Bunu ANS PRESS-ə müsahibəsində Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən, Qərərgah rəisi, 1-ci dərəcəli kapitan Şahin Məmmədov bildirib. O deyib ki, indi Xəzər dənizinin hüququ statusunun təyin olunması ilə bağlı bir çox problem var. Xəzərin statusunun təyin olunmaması hansısa qarşıdurmaya, münaqişəyə gətirib çıxarmır. Bu da bütün Xəzəryanı dövlətlərin hərbi dənizçilərinin təmkinli, səbrli, beynəlxalq təcrübədən istifadə edərək bir-birinə qarşı dostcasına münasibətindən irəli gələn məsələdir. Lakin Xəzərin hüquqi statusunun təyin olunması ilə bağlı diplomatik kanallar işləyir. Xarici İşlər Nazirliyi tərəfindən yaradılmış işçı qrupu bu sahədə fəaliyyətini davam etdirir. Ola bilsin ki, 2016-cı ildə Aşqabad Sammitində Xəzərin statusu ilə bağlı yekdil qərəra gəlinsin.


Xəzəryanı ölkələrin dövlət başçıları

Xarici İşlər Nazirliyindənr ANS PRESS-ə Sammitin hər il keçirildiyini, yekun sənədin imzalanması ilə bağlı qərarın imzalanıb-imzalanmamsı ilə bağlı isə fikir söyləməyin hələ tez olduğu bildirilib.

Ümumiyyətlə, Xəzər dənizinin hüquqi statusunun təsbit edilməsinin zəruriliyini və sahilyanı dövlətlər üçün mühüm əhəmiyyətini nəzərə alaraq, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin iclasında (Aşqabad, 11-12 noyabr 1996-cı il) Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənməsi üzrə xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrup yaradıldı. Xəzəryanı dövlətlər arasında aparılan danışıqlar, məsləhətləşmələr və fikir mübadilələri onu göstərir ki, bu dövlətlərin mövqelərinin tam üst-üstə düşməməsinə baxmayaraq, bütün sahilyanı ölkələr, ümumiyyətlə, Xəzər dənizinin bölünməsi məsələsinə tərəfdardırlar.

Dünyada enerji ehtiyatlarına tələbatın artması, eləcə də Rusiya ilə Qərb arasında davam edən qarşıdurma fonunda Moskvanın Xəzər hövzəsi ölkələrini Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın razılaşdırılması istiqamətində danışıqlar prosesini sürətləndirməyə və yekun qərarın əldə olunmasına sövq edir.



İndi Xəzərin yekun hüquqi statusunu müəyyən edəcək Konvensiyanın razılaşdırılması məqsədi ilə işçi qrupların görüşü davam etdirilir. Xəzəryanı dövlət başçılarının növbəti zirvə toplantısının gələn il Aşqabadda keçirilməsi razılaşdırılıb.
Xatırlatmaq yerinə düşər ki, 2015-cü il martın 5-də işçi qrupunun toplantısında tərəflər Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə tam razılıq əldə ediblər. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov mətbuata bildirib ki, bütün tərəflər anlaşmaya yaxındır. Biz Xəzər dənizinin statusuna aid problem kimi qalan məsələlərlə bağlı koordinasiyanı qısa müddətdə başa çatdıracağıq. İşçi qrupu Xəzərin statusundan əlavə olaraq bioloji ehtiyatların qorunması, ekoloji məsələlərlə bağlı sazişlərin imzalanmasını da başa çatdırmaq istəyir. Bura xüsusilə balıqçılıq zonasının müəyyən olunması daxildir.


Xələf Xələfov - Azərbaycanın xarici işlər nazirinin müavini

Azərbaycan mübahisəli məsələlərin danışıqlar yolu ilə həllinin tərəfdarıdır və Xəzər dənizində demilitarizasiyanın tərəfdarı kimi çıxış edir. Türkmənistan sahilyanı ölkələr arasında dənizin dibinin konkret hissələrində onların hüquqlarını müəyyənləşdirən razılaşma imzalanmadan birtərəfli şəkildə işlərin görülməsinə qarşıdır. Xəzər dənizinin statusuna dair Azərbaycan, Rusiya və Qazaxıstanın mövqeyi ilə razılaşmayan digər Xəzəryanı ölkə isə İrandır. İran Xəzərin statusu ilə bağlı Sovet İttifaqı ilə İran arasında imzalanmış müqavilələri bir kənara qoymağı təklif edir.

Beləliklə, Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiyanın Xəzərin bölünməsi ilə bağlı mövqeləri belədir:

Azərbaycan – Rəsmi Bakı hamılıqla qəbul edilmiş beynəlxalq-hüquqi orta xətt və onun əsasında Xəzərin milli sektorlara bölünməsi prinsipindən çıxış edir və bəyan edir ki, hər dövlət öz milli sektoru üzərində müstəsna suverenliyə malikdir. Azərbaycanın xarici şirkətlərlə birgə işlənməsini nəzərdə tutduğu yataqlar dənizin ona məxsus sektorunda yerləşir. Xəzər dənizinin qərb sahilində yerləşən Xəzər dənizinin dibinin və səthinin beynəlxalq konvensiyalara uyğun olaraq orta xətt boyunca 5 sektorlar bölünməsinin tərəfdarıdır və sahildən 25 dəniz mili məsafədə daxili milli sektorların yaradılmasını istəyir. Azərbaycan bu yanaşmada Rusiya və Qazaxıstanla ortaq mövqe sərgiləyir. Azərbaycanla Qazaxıstan arasında 2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Azərbaycan və Qazaxıstanın Xəzər dənizində sərhədlərinin müəyyən olunması barədə müqavilə imzalanıb. 2003-cü il mayın 14-də isə Azərbaycan, Qazaxıstan və Rusiya Xəzər dənizindəki milli sektorlarının sərhədlərini müəyyən edən razılaşma imzalamışdılar. Bu razılaşma 3 dövlətin su sərhədlərinin ortaq xətt boyunca müəyyənləşdirilməsini nəzərdə tutur. Həmin ölkələrə neft-qaz və mineral resursların öz milli sektorları daxilində istismar etməsinə şərait yaradır.

Azərbaycanın əsas mübahisəsi İran və Türkmənistanla mövcuddur. Dənizin dibinin orta xətt boyunca bölünməsini son illərdə dəstəkləməyə başlayan Türkmənistan bununla belə Azərbaycanla "Kəpəz" yatağına görə mübahisə edir. Azərbaycan Xəzər dənizinin 21 faizi Azərbaycana məxsusdur.


Xəzər dənizi

Rusiya – Xəzər dənizində sərhədləri müəyyən olunmuş yeganə ölkədir. Xəzər dənizi boyu həmsərhəd olduğu Azərbaycan və Qazaxıstanla imzalanmış müqavilələr Rusiyanın dəniz sərhədlərini müəyyən edib. Xəzər sahillərinin 16 faizi Rusiyaya məxsusdur.

İran – Xəzərin cənub və bir qədər də cənub-qərb sahillərini əhatələyir. Xəzər dənizinin İran sahili 900 kilometrdir. Xəzəryanı ölkələr arasında ən radikal mövqe İrana məxsusdur. Bu ölkə Xəzər dənizində sərhədlərin yalnız bütün tərəflərin razılığı əsasında müəyyən olunmasını istəyir. Eyni vaxtda 90-cı illərin əvvəllərində Xəzər dənizinin dibinin və səthinin, o cümlədən mineral resurslarının birgə istifadə olunmasını təklif edir.

İran 1921 və 1940-cı illər müqaviləsinə əsaslanaraq Xəzər dənizinin tərəflər arasında 20 faiz üzrə bərabər bölüşdürülməsini tələb edir. İran tərəfi Xəzər dənizinin quru sərhədlərindən başlayaraq dövlətlər arasında orta xətt boyunca bölüşdürülməsinin qəti əleyhdarıdır. Digər 4 Xəzəryanı dövlət onun bu mövqeyini dəstəkləmir. İran da Rusiya kimi xaric ölkələrin hərbi gəmilərinin Xəzər dənizində hərəkət etməsinin qadağan olunmasını dəstəkləyir. Xəzər sahillərinin 14 faizi İrana məxsusdur.

Qazaxıstan – Xəzər dənizinin quru sərhədindən başlayaraq orta xətt boyunca müəyyən olunmasının tərəfdarıdır. Qazaxıstan 2003-cü ilin mayında Azərbaycan və Rusiya ilə imzaladığı müqavilələr əsasında Xəzər dənizinin 64 faiz sərhədini müəyyən edib. Rusiya ilə mübahisəli mövzusu olan Xvalınoe, Mərkəzi və Qurmanqazı neft yataqları iki ölkə tərəfindən birgə istismar olunur. Xəzər dənizinin 29 faizi Qazaxıstana məxsusdur.

Türkmənistan – Xəzər dənizinin şərq istiqamətində yerləşir. Xəzər dənizi ilə Türkmənistanın 1200 kilometrlik sahil xətti mövcuddur. 2005-ci ildən Xəzər dənizinin orta xətt boyunca bölünməsini təklif etsə də, Azərbaycanla bır sıra istiqamətlərdə razılıq əldə edə bilməyib. Türkmənistan tərəfi iddia edir ki, Xəzər orta xətt prinsipi ilə bölünməlidir və bu dövlətlər arasında sərhəd rolunu oynamalıdır. Dünya təcrübəsində orta xəttin “xüsusi vəziyyətlər” nəzərə alınmaqla müəyyənləşdirilməsi təcrübəsi də var. Məhz bu “xüsusi vəziyyətlər” 1982-ci ildə qəbul olunmuş BMT-nin dəniz sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı Konvensiyasının tətbiqinə bəzi əngəllər yaradır. Bu amili nəzərə alan Aşqabad hesab edir ki, Xəzərin Türkmənistanla Azərbaycan arasında bölünməsi zamanı Abşeron yarımadası və Çilov adası nəzərə alınmamalıdır. Təbii ki, Azərbaycan tərəfi bu prinsiplə razılaşmır. Xəzər sahillərinin 20 faizi Türkmənistana aiddir.

Xəzərin hüquqi statusu ilə bağlı keçirilən sammitlərin tarixi:

- 2002-ci il aprelin 23-24-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Xəzəryanı dövlət başçılarının I sammiti keçirilib. Prezidentlər Heydər Əliyev (Azərbaycan Respublikası), Saparmurad Niyazov (Türkmənistan Respublikası), Məhəmməd Xatəmi (İran İslam Respublikası), Nursultan Nazarbayev (Qazaxıstan Respublikası) və Vladimir Putinin (Rusiya Federasiyası) iştirakı ilə Aşqabadın "Ruhiyyət" sarayında keçirilən bu toplantı Xəzəryanı ölkələrin dövlət başçılarının ilk zirvə görüşü idi.

- Xəzəryanı ölkələrin dövlət başçılarının II sammiti 2007-ci il oktyabrın 16-da Tehranda keçirilib. Xəzəryanı ölkələrin dövlət başçılarının Tehranda keçirilən II sammitinin yekunu olaraq Bəyannamə imzalanıb. Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan prezidentlərinin imzaladığı sənəd 25 bənddən ibarət olub.

- 2010-cu il noyabrın 18-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Dmitriy Medvedyevin, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin, İran Prezidenti Mahmud Əhmədinejadın və Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədovun iştirakı ilə Xəzəryanı Ölkələrin Dövlət Başçılarının III Zirvə Görüşü keçirilib.

- 2014- cü il sentyabrın 29-da Həştərxanda Xəzəryanı Ölkələrin Dövlət Başçılarının IV Xəzər sammiti keçirilib. Sammitdə Xəzəryanı ölkələrin qarşılıqlı fəaliyyətinin əsas məsələlərinin müzakirə olunub, çoxtərəfli sənədlər imzalanıb.


Xəzəryanı ölkələrin Həştərxan Sammiti

Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinə qədər gələn ilin birinci rübündə xarici işlər nazirlərinin toplantısının keçirilməsi nəzərdə tutulur. Həmin toplantıda sammitdə müzakirə olunacaq layihələr üzrə müzakirələr aparılacaq. İşçi qrupunun gündəliyində əsas məsələ Xəzərin statusu ilə bağlı yekun sənədin imzalanmasıdır.

Bir sözlə, 5 Xəzəryanı dövlətdən üçü Xəzər dənizinin orta xəttinin müəyyənləşdirilməsinin və onun sektorlara bölünməsinin bir metodunu, iki dövlət isə başqa metodunu təklif edir. Formal baxımdan yanaşdıqda, Azərbaycanın çoxluqda olan cinahda qərar tutmasının ona müəyyən üstünlüklər yaratdığını demək olar. Enerji daşıyıcılarının müxtəlif nəql marşrutlarının təklif olunması, mübahisəli yataqlar üzrə tərəflərdən bəzilərinin qeyri-konstruktiv mövqeyi Xəzərin statusu ilə bağlı müzakirələrin yaxın perspektivdə Konvensiyanın imzalanması ilə nəticələnəcəyini deməyi çətinləşdirir. Amma bütün bunlara baxmayaraq, Xəzərin dostcasına bölünməsinin vaxtı çatıb. Çünki Xəzər dənizi münaqişə məkanı yox, sülh, dostluq, əmin-amanlıq dənizi olmalıdır.

Həmçinin oxuyun:

Azərbaycanda hərbi gəmilərin inşasına başlanılır

Xəzərin statusu həllini tapır

Xələf Xələfov: "Xəzərin statusu ilə bağlı irəliləyişə nail olunub"