Azərbaycanlı kosmonavtların yeni nəsli nə vaxt yetişəcək?

Milli Aerokosmik Agentliyinin direktor müavini Tofiq Süleymanovun ANS PRESS-ə müsahibəsi
ANS PRESS 12 aprel Kosmonavtika günü ərəfəsində Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin (MAKA) baş direktorunun I müavini, texniki elmləri doktoru Tofiq Süleymanovdan müsahibə alıb. Həmin müsahibəni təqdim edirik.

Keçmiş SSRİ kosmonavtika sahəsində böyük nailiyyətlər qazanmışdı. Bu uğurlarda Azərbaycanın da payı az deyildi. Bəs, müstəqillik əldə ediləndən sonra vəziyyət hansı istiqamətdə dəyişdi?
-Keçmiş Sovetlər dövründə kosmik tədqiqatlar ümumi mərkəzdən idarə edilirdi və ümumi proqramlar həyata keçirilirdi. Bu proqramların icrasına bütün müttəfiq respublikalar qoşulmuşdu. Vahid proqram tərtib olunurdu və o proqramın icrası ayrı-ayrı respublikalar arasında bölünürdü. Əlbəttə, o dövrlərdə bütün müttəfiqlər bu proqramın icrasında fəal iştirak etmirdilər. Ancaq tale elə gətirmişdi ki, 1975-ci ildə Azərbaycanda ilk kosmik tədqiqatlar mərkəzi yaradılmışdı. Ondan sonra Zaqafqaziya ölkələri içərisində Azərbaycan bu sahədə önə çıxdı və bu sahədə fəaliyyət istiqamətləri daha da möhkəmləndi.

O dövrdə Sovetlər birliyinin istismara verdiyi orbital stansiyalarda Azərbaycanda düzəldilmiş cihazlar da fəaliyyət göstərirdi. O cümlədən, “Solyut” orbital kompleksində, “Mir” orbital stansiyasında və s. bizdə istehsal olunan cihazlar da işlədilirdi. Lakin müstəqillik əldə ediləndən sonra vəziyyət bir qədər dəyişdi. Hər respublika kosmik fəaliyyət sahəsində öz siyasətini müstəqil həyata keçirtməyə başladı.

Son dövrlərdə ən önəmli hadisələrdən biri ondan ibarətdir ki, hələ 2008-ci ildən prezident “Azərbaycanda Kosmik Sənayenin yaradılması və Telekommunikasiya peyklərinin orbitə çıxarılması” haqqında sərəncam imzalayıb. 2009-cu ildə həmin sərəncamın icrası ilə əlaqədar Dövlət Proqramı təsdiq olundu. Bu proqramda da Kosmik Agentliyin öz mövqeyi, qarşısında duran məsələlər var və biz bu istiqamətdə öz işimizi görürük. Bu ilin sonuna qədər ilk kommunikasiya peyki orbitə çıxarılmalıdır. Həmin peykin qarşısında müxtəlif vəzifələr durur. İlk növbədə informasiya və kommunikasiya texnologiyaları sahəsində respublikamızda bir sıra kiçik problemlərin həllinə tamamilə nail oluna bilər. Bundan sonra isə Yerin məsafədən zondlanması peykinin buraxılması nəzərdə tutulur ki, həmin peyk vasitəsilə ətraf mühitin öyrənilməsi, ekoloji monitorinq məsələlərinin həlli, öz torpaqlarımızı operativ müşahidə etmək məsələləri həll edilə bilər.

Əlbəttə, kosmik sənayenin yaradılması çox mütərəqqi addımdır. Əgər peyklərimiz olsa, biz peyk məlumatlarının alınması istiqamətində digər ölkələrdən olan asılılığımızı aradan qaldıra bilərik. Müstəqil şəkildə istənilən anda torpaqlarımızın istənilən yerindən məlumat əldə edə bilərik. İstər təsərrüfat sistemində, istər idarəetmə orqanlarında operativ qərarlar qəbul etmək üçün əlimizdə çox mükəmməl imkanlar yaranar.

2006-ci ildə agentlik Müdafiə Sənayesi Nazirliyinin tərkibinə verilib. Bu addım yəqin ki, agentliyin hərbi sahədə fəaliyyətinə də təsir edib?
-2006-cı ilin sonlarında agentliyin Azərbaycan Respublikası Müdafiə Sənayesinin tərkibinə verilməsindən sonra bizim tədqiqat istiqamətlərimizin əhatə dairəsi daha da genişləndi. Biz aerokosmik texnologiyalardan istifadə etməklə mülki aerokosmik monitorinq məsələlərindən əlavə həm də xüsusi təyinatlı məsələlərin həllinə qoşulduq. Bu istiqamətdə də çoxlu nailiyyətlərimiz var. Biz artıq kosmik məlumatlar əsasında ölkəmizin müdafiə qüdrətinin möhkəmlənməsi istiqamətində bir sıra müsbət nəticələr əldə etmişik. Sərhədlərimizin etibarlı qorunması, sərhəd zonalarında baş verən ekoloji fəsadlar, onların qiymətləndirilməsi istiqamətində xüsusi nailiyyətlər qazanmışıq və bununla yanaşı bir sıra cihazlar da yaradılıb. Həmin cihazların da vətənimizin müdafiəsində böyük əhəmiyyəti olacaq.

Hazırda sizin agentlikdə hansı cihazlar istehsal olunur?
-Bir sıra təlim trenajorları yaradılıb. Bundan Silahlı Qüvvələrdə, eləcə də digər xidmət orqanlarında müvəfəqqiyyətlə istifadə edilir. Artıq bir sıra güc strukturları ilə müqavilələr bağlanıb və belə trenajorların satışı ilə əlaqədar tədbirlər görülür.

Ümumiyyətlə, kosmik tədqiqatlar sahəsində yaradılan cihazlar heç vaxt seriya ilə istehsal olunmur. Bunlar hamısı eksperimental cihazlardır. Dünya kosmonavtika tarixində həmişə belə olub. Belə cihazlar seriyalı cihazlar sırasına daxil edilmir və onlar ancaq tələbatdan irəli gələn məsələləri həll etmək üçün nəzərdə tutulur.

Bizim agentliyin zavodu eksperimental təcrübi zavoddur və bu cihazların vasitəsilə müşahidələr aparmaq, alınmış nəticələri analiz etmək olar. İstehsal edilən avadanlığın üstün və çatışmayan cəhətləri öyrənilir və yekun qərar qəbul edilir. Ümumiyyətlə, kosmik tədqiqatların özünəməxsus xarakterik xüsusiyyətləri var.

Azərbaycanda “Soyuz”, “Mir” kimi orbital stansiyalar yaradıla bilərmi?
-Biz kosmik sənayenin yaradılmasının ilkin mərhələsindəyik. Əlbəttə ki, biz bunun üçün müəyyən mərhələləri yerinə yetirməliyik. Bu mərhələlərdən birincisi ilk növbədə telekommunikasiya peykinin orbitə çıxarılmasıdır. Sonra çalışmalıyıq ki, alçaq hündürlükdən uçan və yeri müşahidə etməyə imkan verən məsafədə zondlama peykləri orbitə çıxarılsın və onların vasitəsilə məsələlər həll edilsin. Əlbəttə ki, kosmik stansiyalardan istifadə çox qlobal lahiyələrdir. Onu güclü kosmik strukturlara malik təşkilatlar yerinə yetirirlər. Amma Azərbaycanda orbital kompleksin istifadəyə verilməsi gələcəyin planlarıdır. Hazırda bu barədə danışmaq bir qədər tezdir.

Azərbaycanın SSRİ-də kosmonavtikanın əsasını qoymuş Kərim Kərimov, keçmiş SSRİ Baş Kosmos İdarəsi Elm İstehsalat Birliyinin baş direktoru və baş konstruktoru olmuş Tofiq İsmayılov kimi dünya şöhrətli alimləri olub. Hazırda onların davamçıları varmı?
-Azərbaycanda kosmik tədqiqatların zəifləməsi haqqında danışmaq yerinə düşməz. Biz qazandığımız təcrübəni bu gün də davam etdiririk. İndi texnologiyalar dəyişir. Əgər o dövrlərdə biz başqa tipli kosmik məlumatlardan istifadə edirdiksə, indi daha yüksək tələblərə cavab verən, daha kiçik obyektləri öyrənməyə imkan verən kosmik məlumatlardan istifadə edirik. Əlbəttə, o ənənələr Tofiq İsmayılov tərəfindən bünövrəsi qoyulmuş ənənələrdir və bunlar indi də davam etdirilir. Onun tələbələri burada çalışırlar.

Keçmiş Sovet dövründə Kərim Kərimovun kosmik infrastrukturunun inkişafında xüsusi xidmətləri olub. Ömrünün son günlərinə qədər pilotlu kosmik uçuşlar üzrə SSRİ dövlət komissiyasının sədri vəzifəsində çalışıb. Böyük xoşbəxtlikdir ki, müstəqillik dövründə biz də onunla əməkdaşlıq etmişik.

Bizim yeni kadrlar yetişir. Onlar müasir texnologiya-innovasiya meyarlarına cavab verirlər.

Deyirsiniz ki, aerokosmik sahədə müəyyən nailiyyətlər qazanırıq. İşlərin görülməsinə böyük maliyyə vəsaiti tələb olunur. Maliyyə baxımından vəziyyət nə yerdədir?
-Demək olmaz ki, ən müasir texnologiyaları cəlb etməyə imkan verən maliyyə imkanımız var. Bu sahədə müəyyən çatışmazlıqlar var. Ancaq biz bu problemi təsərrüfat hesablı müqavilələr hesabına həll etməyə çalışırıq. Çalışırıq ki, ən müasir texnologiyaları əldə edək. Əlbəttə ki, müəyyən çətinliklərimiz var, amma Kosmik Sənayenin yaradılması və inkişafı ilə əlaqədar Dövlət Proqramının icrası ilə əlaqədar çatışmazlıqların aradan qaldırılacağına inanıram.

Azərbaycanın ilk süni peykinin buraxılması istiqamətində sizin agentliyin rolu nə olacaq?
-Bizim funksiyalardan biri qəbul olunan informasiyanın emalı və ötürülməsi məsələləridir. O fəaliyyətə başlayandan sonra biz fəaliyyət istiqamətlərimizi müəyyənləşdirəcəyik. Bununla əlaqədar hazırda bizdə tədqiqat işləri həyata keçirilir. Əsas məsələlərdən biri odur ki, gələcəkdə məsafədən zondlama peyki və digər peyklər yer ətrafına çıxarılandan sonra orada həll ediləcək məsələləri müəyyənləşdirək. Bu peykə olan tələbləri müəyyənləşdirək ki, gələcəkdə qarşımıza çıxacaq çətinliklərin öhdəsindən asanlıqla gələ bilək.

-Azərbaycanlı kosmonavtların yeni nəsli nə vaxt yetişəcək?
-Azərbaycanın yetişdirdiyi kosmonavtlar olub. Musa Manarov Bakıda doğulub və orta təhsilini burada alıb. Vitali Jolobov isə Bakı Neft Akademiyasının yetirməsidir. Onlar orbital kompleksdə fəaliyyət göstəriblər. İnanıram ki, gələcəkdə komsosa uçanlar arasında azərbaycanlılar da olacaq. Hələlik bunlar perspektiv planlardır.