10 min dollara qədər krediti olanlara xoş xəbər

Palata rəhbəri bankların müştəriyə kredit verib-verməyəcəyini özlərinin müəyyən etdiyini deyib.
Rüfət Aslanlı - Maliyyə bazarlarına nəzarət palatasının rəhbəri
Rüfət Aslanlı - Maliyyə bazarlarına nəzarət palatasının rəhbəri

"Mən bankların hazırladığı "qara siyahı"dan xəbərdar deyiləm. Ancaq onu deyə bilərəm ki, banklar kredit verərkən iki məsələyə diqqət yetirməlidirlər". Bunu jurnalistlərin bankların kredit gecikməsi olan müştərilərini qara siyahıya salması barədə sualına cavabında Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlı bildirib.

Onun sözlərinə görə, bankların kredit verərkən diqqət etməli olduğu iki məqam var: 

1. Borc alanın gəlirlərinin onun aylıq ödənişlərinə olan nisbəti 

2. Təminatsız borcun məbləğə nisbəti

"Əgər bu iki göstərici sağlam həddədirsə, banklar həmin şəxslərə kredit verirlər. "Qara siyahı" deyilən bir şey yoxdur. Hər bir bank öz müştəri dairəsini, müştəriyə kredit verib-verməyəcəyini özü müəyyən edir. Biz Maliyyə Bazarlarına Nəzarət Palatası olaraq belə bir siyahı tərtib etmirik".

10:41

"On min dollara qədər olan kreditlərə güzəştlər edilməsi məsələsinə baxıla bilər". ANS PRESS-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

R.Aslanlı bildirib ki, Milli Məclisdə bu məsələyə baxılmasından xəbərsizdir. "Ancaq palataya bu barədə müraciət daxil olsa, bu məsələyə baxıla bilər".

O həmçinin deyib ki, Azərbaycanda bəzi istisnalarla xarici valyutada kreditlərin verilməməsi ilə bağlı tələblər qüvvədə qalır. 

Bununla yanaşı Palatanın başçısı ipoteka kreditləşməsi sahəsində yeniliklərin olacağını da vurğulayıb. O deyib ki, prezidentin İpoteka Fondunun yenidən formalaşması ilə bağlı xüsusi tapşırığı var və tezliklə qərar açıqlanacaq.

Milli Məclisin iclası
Milli Məclisin iclası

Ötən ay Maliyyə Bazarlarına Nəzarət Palatası kredit təşkilatları tərəfindən pensiyaçılara kreditlərin verilməsinin dayandırılması barədə qərar qəbul edib. Qadağanın hansı müddəti əhatə etdiyi məlum deyil. Qərarın qəbul olunmasına səbəb pensiyaçıların ödəniş qabiliyyətinin aşağı olması ilə bağlıdır. Hesab edilir ki, bu qərar problemli kreditlərin həcminin artmasının qarşısını nisbətən alacaq.

Milli Məclisdə kreditlərlə bağlı məsələyə bu ilin yanvar ayında baxılıb. Əli Məsimli təklif edib ki, beş min dollara qədər olan vəsaitlərin kompensasiyası aparılsın. "Digərlərini isə başqa formatda mexanizm təqdim etməklə yumşaltmaq olar. Çünki 10 min dollara qədər krediti olan şəxs devalvasiyadan sonra bu məbləğin 2-3 qat artığını qaytarmalıdır, bu isə mümkün olmayacaq. Odur ki, ortaq addımların atılması vacibdir”. O, prezidentin müşavirəsindən sonra 14 təklif hazırladığını və təklif etməyə hazır olduğunu deyib. 

Fəzail Ağamalı çıxışında ölkədə dollarla kredit verilməsini tənqid edib: “Bu gün xalq soruşur ki, kreditlər niyə milli manatla deyil, dollarla verilir? Bu, birbaşa Konstitusiya pozuntusudur". 

Sədr Oqtay Əsədov isə cavabında deyib ki, heç kimə məcburən dollarla kredit verilmir. Dollarla kredit ona görə verilir ki, sahibkarlar xarici partnyorları ilə münasibətlərində bundan istifadə edə bilsinlər. "Camaat üçün ağlayanda bir az da banklar üçün ağlayaq”.

 

Şərhlər