Kənd təsərrüfatı məhsullarının ixracında Rusiya ilə anlaşma əldə edildi

Aydın Əliyev Rusiya Federasiyasının Federal Gömrük Xidmətinin rəhbərliyi ilə ciddi müzakirələr aparıb.
Rusiyadan geri qaytarılmış vaqon
Rusiyadan geri qaytarılmış vaqon

Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının Rusiya Federasiyasına ixracı zamanı yaranan problemlərin aradan qaldırılmasına dair  iki ölkənin gömrük xidmətləri arasında razılıq əldə olunub.

ANS PRESS-in məlimatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidməti açıqlama yayıb. 

Açıqlamada deyilir ki, son dövrlərdə azərbaycanlı fermer və sahibkarların Rusiya Federasiyasına göndərdikləri kənd təsərrüfatı məhsullarının müxtəlif səbəblərdən geri qaytarılması və ya sərhəddə saxlanılması halları müşahidə olunub. Qonşu ölkənin müvafiq orqanları hərəkətlərinə haqq qazandırmaq üçün azərbaycanlı fermerlərə malların sənədlərində mənşə ölkəsinin düzgün qeyd olunmadığını bildirir. Nəticədə isə qonşu ölkəyə ixrac olunan kənd təsərrüfatı malları ya geri qaytarılır, ya da uzun müddət sərhəddə yubadıldığı üçün məhsul keyfiyyətini itirir.   

Rusiyadan qaytarılan pomidorlar
Rusiyadan qaytarılan pomidorlar

"Dövlət Gömrük Komitəsi rəhbərliyinin, şəxsən Komitə sədri Aydın Əliyevin Rusiya Federasiyasının Federal Gömrük Xidmətinin rəhbərliyi ilə apardığı müzakirələrdən sonra məsələnin həlli istiqamətində razılıq əldə olunub. Razılığa əsasən, qısa zaman kəsiyində Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının maneəsiz olaraq Rusiya Federasiyasına göndərilməsi tam təmin olunacaq", - deyə DGK-nın məlumatında vurğulanır.

Aydın Əliyev - Dövlət Gömrük Komitəsinin sədri
Aydın Əliyev - Dövlət Gömrük Komitəsinin sədri

Pomidorla dolu vaqonların ölkəyə geri qaytarılmasına səbəb kimi vaqonlardakı məhsulların müayinəsi aparılan zaman Rusiya tərəfinin həm də Türkiyə malları aşkar etməsidir. Lakin Yalama gömrük postunun rəsmisi ANS TV-yə bildirmişdi ki, bu, sadəcə Rusiya tərəfinin ehtimallarıdır: “Rusiya gömrükçüləri məhsulların Türkiyə malı olduğunu isbat etmirlər, sadəcə olaraq şübhələndikləri məhsulların olduğu vaqonları geri göndərirlər. Bundan başqa biz tərəfdən bütün məhsulların mənşəyini təyin edən sənədlər, həmçinin fitosanitar sertifikat təqdim olunduqdan sonra gömrük rəsmiləşməsi və vizual baxış həyata keçirilərək mallar yola salınr. Xaçmaz Gömrük İdarəsinin Yalama dəmiryolu gömrük keçid məntəqəsi məsələnin tezliklə həll olunması üçün müvafiq işlərə başlayıb”.

“Şimal qonşumuzun apardığı ekspertizanı qeyri-peşəkar hesab edirik” - bu sözləri isə Kənd Təsərrüfatı Nazirliyi yanında dövlət fitosanitar nəzarət xidmətinin rəisi Camal Quliyev Xaçmaz Gömrük İdarəsinin Yalama dəmiryolu gömrük keçid məntəqəsində Rusiyadan geri qaytarılan mallarla bağlı məsələyə aydınlıq gətirərkən söyləmişdi. Camal Quliyevin sözlərinə görə, şimal qonşumuzla bu barədə dəfələrlə danışıqlar aparılıb.

 

Şərhlər