Azərbaycanı İrana bağlayan körpü ilin sonuna hazır olacaq

Hazırda körpünün dayaqları qoyulur.
Körpü tikintisi
Körpü tikintisi

"İlin sonuna kimi İranla Azərbaycan arasında 100 metrlik körpü hazır olacaq". ANS PRESS-in məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.  

Qurum sədri qeyd edib ki, hazırda körpünün dayaqlarının vurulması prosesi gedir.

Onun sözlərinə görə, dəmir yolunun çəkilişi ilə bağlı İran və Azərbaycan arasıda bəzi texniki problemlər var. Buna səbəb isə tikinti məsələlərində parametrlərin uyğun gəlməməsidir. "Bu problemlər də aradan qaldırılır.

Sabah İran dəmir yolları nazirinin tikinti üzrə müavini Bakıda olacaq. Onunla da görüşlər keçiriləcək".

C.Qurbanov ilk olaraq Astara-Astara dəmir yolunu birləşdirmək fikrində olduqlarını deyib. "1.7 km də İranın içərisinə daxil olacağıq. Bununla da Sankt-Peterburqdan Helsinkiyə yüklərin çatdırılmasını təmin edəcəyik".

Cavid Qurbanov - “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri
Cavid Qurbanov - “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri

Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında Hökumətlərarası Çərçivə Sazişinə və Azərbaycan-İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi haqqında müqaviləyə uyğun olaraq aprelin 20-də Astara çayı üzərində dəmir yolu körpüsünün təməli qoyulub.

Tikintisi planlaşdırılan dəmir yolu körpüsü isə ölkələrimiz arasında yük dövriyyəsinin artımına səbəb olacaq. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin önəmli həlqələrindən olacaq dəmir yolu körpüsünün eni 10 metr olacaq. 3 aşırımlı və 4 dayaqlı olmaqla layihələndirilən körpünün üzərində hər 2 istiqamətdə qatarların hərəkətinin təmin olunması məqsədilə iki xətt quraşdırılacaq. Dəmir yolu körpüsünün tikintisi xərcləri Azərbaycan və İran tərəfindən bərabər paylarla ödəniləcək. 

 

Şərhlər