Çexiyalı kiber təhlükəsizlik üzrə mütəxəssis bunun həqiqət olduğunu deyir

Azərbaycan qazı iki həftə ərzində yanlış olaraq Rusiyaya nəql edilib.
Qaz kəmərlərinin idaretmə mərkəzi
Qaz kəmərlərinin idaretmə mərkəzi

Hakerlər Azərbaycan qazını nəql edən kəmərin idarə olunması sisteminə müdaxilə edərək qazın nəqli istiqamətini dəyişdirib.

ANS PRESS-in “Prague Daily Monitor” qəzetinə istinadən verdiyi məlumata görə, rezonans doğuran açıqlama Çexiyada olub. Qəzetin yazdığına görə, Azərbaycan qaz kəmərinə haker hücumu haqda Çexiyanın kiber təhlükəsizlik strategiyası konsepsiyasının müəllifi Ales Şpidla danışıb.

Ales Şpidla super dövlətlərin kiberhücumlar həyata keçirərək başqa ölkələrdən məxfi məlumatları ələ keçirdiyini deyib. O, gələcəkdə həmin dövlətlərdə kiberhücumlarla xaos yaratmaq imkanlarını araşdırdığını bildirib.

Ales Şpidla hakerlərin Azərbaycan qazını nəql edən kəmərdə axının istiqamətini dəyişərək qazı Rusiyaya yönəltdiyini deyib. Mütəxəssisin bildirdiyinə görə, qazın nəqli istiqamətini yenidən dəyişdirmək üçün iki həftə vaxt lazım olub. Şpidla bu haker hücumunun nə vaxt baş verdiyini deməyib.

Ales Şpidla - Kiber təhlükəsizlik üzrə mütəxəssis
Ales Şpidla - Kiber təhlükəsizlik üzrə mütəxəssis

Şpidlanın bildirdiyinə görə, Çində kiberhücumlar və casusluqla məşğul olan xüsusi hərbi bölmənin 50 minə yaxın personalı var. O, Rusiyanın da irimiqyaslı haker hücumları həyata keçirdiyini, Voronejdə bu işlə məşğul olan mərkəz fəaliyyət göstərdiyini, 12 min mütəxəssisin bu mərkəz üçün işlədiyini deyib.

Mütəxəssisin bildirdiyinə görə, Gürcüstan və Estoniyadakı haker hücumlarının izləri Rusiyaya aparır. Şpidla bildirib ki, kiberhücumların köməyi ilə asanlıqla cəmiyyətlərdə çaxnaşma yaratmaq və dövlət institutlarını diskreditə etmək mümkündür. “Bunun üçün sosial ödənişlər sistemini bir neçə həftə bloklamaq kifayət edər. Xüsusən də ən həssas sahələr energetika, qaz kəmərləri, su resurslarının idarə edilməsi sistemləri, informasiya sistemləridir”, - o deyib.

Məsələ ilə bağlı araşdırmalar davam edir.

 

Şərhlər