ABŞ və Avropadan Azərbaycana dəstək

Robert Sekuta: “Cənub Qaz Dəhlizi” Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyət kəsb edir.
Robert Sekuta - ABŞ-ın Azərbaycandakı səfiri
Robert Sekuta - ABŞ-ın Azərbaycandakı səfiri

“Cənub Qaz Dəhlizi” layihəsi Avropanın enerji təhlükəsizliyinin təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir.

ANS PRESS-in məlumatına görə, bu sözləri jurnalistlərə müsahibəsində ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. Səfir bildirib ki, bu yaxınlarda ABŞ-Avropa İttifaqı arasında neft-qazla bağlı müzakirələr aparılıb. Həmin müzakirələrin əsas mövzusu Avropanın enerji təhlükəsizliyi təmin edilməsi olub və Azərbaycanın bu işdə oynadığı mühüm rol xüsusi vurğulanıb. “Biz hazırda “Cənub Qaz Dəhlizi” layihəsi üzərində Azərbaycanla, eyni zamanda Avropa İttifaqı ilə birgə işimizi davam etdiririk”, - deyə səfir qeyd edib.

R.Sekuta əlavə edib ki, hazırda iyunun 1-dən 4-dək Bakıda keçiriləcək 23-cü Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas 2016” sərgi və konfransında iştirak edəcək ABŞ şirkətlərinin müəyyən olunması üzərində iş aparılır.

Xatırladaq ki, ABŞ dövlət katibi Con Kerri və Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Federika Moqerininin sədrliyi ilə mayın 4-də Vaşinqtonda ABŞ-Avropa İttifaqı Energetika Şurasının toplantısı keçirilib. Şuranın bəyanatında ABŞ və Avropa İttifaqının “Cənub Qaz Dəhlizi” layihəsini dəstəklədikləri bildirilib.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” layihəsi dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi” Cənubi Qafqaz Boru Kəməri (CQBK), Trans-Anadolu (TANAP) və “Trans-Adriatik” (TAP) qaz boru kəmərlərindən ibarətdir. Bu dəhlizlə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır.

 

Şərhlər