Dollarla kredit verilməsi dayandırıldı

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası qərar qəbul edib.
Dollar
Dollar

Azərbaycanda xarici valyuta ilə kreditlərin verilməsi bir ay müddətinə dayandırılıb. ANS PRESS-in məlumatına görə, bu barədə aprelin 4-də Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının keçirilən iclasında belə bir qərar qəbul edilib. Bildirilib ki, xarici valyutada verilən istehlak kreditlərinin verilməsi sahəsində dərin və hərtərəfli təhlillərin aparılması, istehlakçıların hüquqlarının müdafiəsinin və maliyyə sabitliyinin təmin olunması üçün 1 ay ərzində tənzimləyici çərçivələrin müəyyən edilməsinə dair qərar qəbul edilib.

Bununla əlaqədar qərara alınıb ki, banklar tərəfindən əhaliyə xarici valyutada istehlak kreditlərinin verilməsi aprelin 5-dən etibarən 1 ay müddətinə dayandırılsın və bu haqda müvafiq göstərişlər kredit təşkilatlarına göndərilsin. Palata bu müddətin uzadılması hüququnu öz üzərində saxlayır.

MBNP-nin qəbul etdiyi bu qərar, heç şübhəsiz, bütün banklara və bank olmayan kredit təşkilatlarına aiddir. Yəni onlar bir ay ərzində vətəndaşlara xarici valyuta ilə kredit verə bilməyəcəklər. Bu qərarın verilməsi, heç şübhəsiz ki, kommersiya banklarının ötən günə qədər əhaliyə yalnız dollarla kredit təklif etməsinin qarşısını almaq məqsədi daşıyır.

Bankların əhaliyə yalnız dollarla kredit təklif etməsinə bir neçə gün əvvəl Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri Ramiz Rzayev də münasibət bildirmişdi. Sədr deyib ki, bankların əhaliyə yalnız dollarla kredit təklif etməsi insan hüquqlarına ziddir:

“Manat və dollar kreditləri məsələsini banklar özləri həll edir. Fikrimcə, vətəndaş krediti dollarda götürübsə, dollarla, manatla götürübsə, manatla qaytarır. Qayda belədir. Banklar tərəfindən müştəriyə yalnız dollarla kreditin təklif edilməsi vətəndaşın hüququnun pozulmasıdır. Lakin məhkəmə bankların daxili işinə müdaxilə edə bilmir”.

Ramiz Rzayev - Ali Məhkəmənin sədri
Ramiz Rzayev - Ali Məhkəmənin sədri

Ümumiyyətlə bankların əhaliyə yalnız xarici valyuta ilə kredit təklif etməsinin qanuni olub-olmadığı əsas müzakirə mövzusu olan məsələlərdən biridir.

Əkrəm Həsənov: "Qanunun ləğv edilməsi Mərkəzi Bankın kommersiya bankları üzərindəki nəzarətini itirməsinə gətirib çıxarıb".

Hüquqşünas Əkrəm Həsənov deyir ki, əvvəllər banklar əhaliyə kreditləri yalnız 10% valyuta fərqi ilə təklif edə bilərdi: ““Banklar haqqında qanun”da “açıq valyuta mövqeyi” adlı müddəa vardı. Lakin təəssüflər olsun ki, bu qanun Mərkəzi Bank tərəfindən 2015-ci ilin birinci rübündə ləğv edildi. Ötən günə qədər banklar istədiyi valyuta ilə 100%-ə qədər kredit verə bilirdi. Qanunun ləğv edilməsi ölkənin əsas bankının kommersiya bankları üzərindəki nəzarətini itirməsinə gətirib çıxarıb”, - deyə hüquqşünas əlavə etdi.

Əkrəm Həsənov deyir ki, bu qanun boşluğundan istifadə edən  kommersiya bankları Mərkəzi Bankdan manatla kredit götürərək dərhal ABŞ valyutasına çevirirdilər və əhaliyə də elə həmin valyuta ilə kredit təklif edirdilər. Həm də qanunvericiliyə əsasən, mərkəzi bank, kommersiya təşkilatlarına krediti yalnız milli valyuta ilə verə bilər. Bunu görən banklar da Mərkəzi Bankdan manatla krediti alırdı. Daha sonra hərraclarda həmin manatlarla yenidən dollar alır və aldığı həmin xarici valyutanı əhaliyə baha təklif edirdi”.

Əkrəm Həsənov - Vəkillər Kollegiyasının üzvü
Əkrəm Həsənov - Vəkillər Kollegiyasının üzvü

Prezident İlham Əliyev fevral ayının 3-də Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.

Fərmana görə, Palatanın Nizamnaməsi qüvvəyə mindiyi gündən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin istifadəsində olan dövlət əmlakı Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməlidir.

Bankların bu günə qədər əhaliyə yalnız dollarla kredit təklif etməsi məsələsinə münasibət bildirən  iqtisadçılar bildirirlər ki,  bankların əhaliyə yalnız ABŞ valyutası ilə kredit təklif etməsinin səbəbi onların milli valyutada kifayət qədər pullarının olmaması ilə bağlıdır. 

İqtisadçı Oqtay Haqverdiyev deyir ki, hazırda bankların manat ehtiyatı  çox azdır. Ölkənin milli valyuta ehtiyatı 11 milyarddan 5 milyard manata düşüb. Bütün bu son proseslər də məhz buna görə baş verir. Mərkəzi Bankın əsas funksiyası inflyasiyanın qarşısını almaq və manatı sabit saxlamaqdan ibarətdir. Ona görə də Mərkəzi  Bank bu siyasətini həyata keçirdiyi üçün ölkədə baş verən digər prosesləri nəzərə almır. Belə olan halda da sadalanan problemlər ortaya çıxır. Manat az, ancaq ona tələbat çox olduğu üçün dəyər qazanır”.

Oqtay Haqverdiyev bildirir ki, ölkədə yaşanan milli valyuta qıtlığı iqtisadiyyatı zəiflədir: “Manatla kredit verilmirdisə, iqtisadiyyat necə inkişaf edə bilər? Burada maraqlı məqam ondan ibarətdir ki, manat sərbəst buraxıldığı üçün hazırda milli valyuta kifayət qədər çox olmalı idi. Ancaq təəssüflər olsun ki, manat yoxa çıxıb”.

Oqtay Haqverdiyev - iqtisadçı
Oqtay Haqverdiyev - iqtisadçı

Ölkədə bankların əhaliyə xarici valyuta ilə kredit verilməsini dayandırmasının əsas səbəbləri ehtimal ki, kommersiya banklarının özbaşınalığının qarşısını almaq və iqtisadiyyatın inkişafına dəstək göstərmək mahiyyəti daşıyır. Çünki iqtisadiyyatın əsas qanunlarından biri də odur ki, milli valyutayla kreditləşmə həyata keçirilmədiyi halda hər hansı ölkənin iqtisadiyyatında geriləmə müşahidə edilməsi labüd olur. MBNP-nin bazarda maliyyə balansını yenidən tənzimləmək üçün belə bir addım atması labüd idi. Eyni zamanda Mərkəzi Bank kommersiya banklarına dollar kreditlərindən daha çox manatla verməlidir. Belə olan halda manat qıtlığı ortadan qalxmış, iqtisadiyyat inkişaf etmiş olar.

 

Şərhlər