İqtisadiyyatımız "Eurovision"a hazırdırmı?

Ekspert: “Mahnı müsabiqəsi bır sıra iqtisadi problemləri həll etsə də, ictimai nəqliyyatda sivil standartların tətbiqi yubanır”
“Eurovision -2012” mahnı müsabiqəsinə 50 gün qalır. Müsabiqə ilə əlaqədar artıq bir neçə aydır ki, paytaxta infrastruktur dəyişikliləri aparılır.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramovun dəyərləndirməsinə görə, “Eurovision-2012” mahnı müsabiqəsinə təkcə mədəniyyət deyil, həm də iqtisadi tədbir kimi yanaşılmalıdır: “Eurovision-2012” mahnı müsabiqəsi kimi tədbirlərdə iqtisadi faktor daha öndə olur, nəinki digər məsələlər. O baxımdan “Eurovision -2012” mahnı müsabiqəsinin Azərbaycan iqtisadiyyatına kifayət qədər hiss ediləcək müsbət təsirləri oldu”.

Məlum olur ki, “Eurovision -2012” Azərbaycan iqtisadiyyatında daşlaşmış problemlərin həllinə yardım edib. Xüsusən, Heydər Əliyev adına beynəlxalq hava limanında xidmət səviyyəsinin beynəlxalq standartlara uyğunlaşdırılması, qısa zamanda xidmətin keyfiyyətinin artırılması buna misaldır: “Hava limanında “Eurovision”la əlaqədar həyata keçirilən tədbirlər xidmət səviyyəsinin beynəlxalq səviyyədə qurulmasına gətirib çıxarıb. Eyni zamanda infrastrukturun inkişafı, infrastrukturun “Eurovision”a hazırlanması həm qısamüddətli, həm də uzunmüddətli perspektiv üçün iqtisadi baxımdan əlverişli, uğurlu hesab oluna bilər. Digər tərəfdən “Eurovision” nağdsız hesablaşmalara keçidi real etdi. Bu gün Bakının əksər xidmət, eləcə də ticarət məntəqələrində POS terminallar quraşdırılıb. Vətəndaşlar plastik kartlardan istifadə etməklə, nağdsız ödəniş edə bilirlər”.

Bununla yanaşı V.Bayramov hesab edir ki, həyata keçirilən tədbirlərə baxmayaraq paytaxt müsabiqəyə tam hazır deyil: “Nağdsız hesablaşmalara keçid baş versə də, bu sahədə problemin tam həll edildiyini hesab etmək olmaz. Belə ki, Avropada istifadə edilən plastik kartların şifrələri 5 və ya 6 rəqəmlidir. Azərbaycanda isə plastik kartların şifrələri cəmi 4 rəqəmlidir. Hansıki bu standart Avropa Birliyi və ABŞ-da 2004-cü ilə qədər tətbiq edilib. O baxımdan Azərbaycanda plastik kartların şifrələrinin və ya bütün bankomatların proqramlarının Avropa standartlarına uyğunlaşdırılması vacibdir. Digər problem nəqliyyat sektorunun “Eurovision”a hazır olmamasıdır. Azərbaycanda ictimai nəqliyyatda tətbiq edilən xidmətlər Avropa standarlarına uyğun deyil. Avropanın heç bir ölkəsində sərnişin sürücüyə birbaşa ödəniş etmir. Azərbaycanda hələ də ictimai nəqliyyatda sovet metodundan istifadə edilir”.