Rusiya Azərbaycan və Ermənistandan şübhələnir

Hər iki ölkənin nümayəndə heyəti ilə konfrans keçirilib.
Kreml
Kreml

Rusiya Federasiyasının “Rosselxoznadzor”u Ermənistandan və Azərbaycandan gələn meyvə-tərəvəzlərin artmasına görə narahatdır. ANS PRESS-in məlumatına görə, adı çəkilən idarə Rusiyada Azərbaycan səfirliyinin ticarət məsələləri üzrə məsləhətçisi Şövqi Mehdizadə və Ermənistanın ticarət üzrə nümayəndəsi Karen Asoyanla telekonfrans keçirib.

Şövqi Mehdizadə bildirib ki, Azərbaycandan Rusiyaya  meyvə və  tərəvəzlərin  ixracının artmış həcmi Rusiya bazarında əvvəllər həmin yeri tutmuş Türkiyə məhsullarının yerinə Azərbaycandan əlavə məhsulların cəlb olunması ilə bağlıdır. Ticarət məsələləri üzrə məsləhətçi həmçinin qeyd edib ki, onlar yoxlamalar üçün Rosselxoznadzor nümayəndə heyətini qəbul etməyə hazırdırlar. 

"Ermənistandan Rusiyaya gətirilən kələmin həcmi 8, almanın həcmi 4 dəfə artıb"

Ermənistanla analoji danışıqlarda isə  Rusiya idarəsinin nümayəndələri kələmin və başqa tərəvəzlərin çatdırılmasının 8 qat, almanın isə 4 qat artımına da diqqəti yönəldiblər.

Karen Asoyan vurğulayıb ki, Ermənistan üçün 2015-ci il çox məhsuldar il olub.

Bir müddət əvvəl də Rusiya Federasiyasının “Rosselxoznadzor” idarəsi Azərbaycandan Rusiyaya ixrac olunan pomidorun həcminin 5 qat artmasından narahat olduğunu vurğulayıb. Buna cavab olaraq Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev bildirib ki, Rusiyaya ixrac olunan məhsulların hamısı Azərbaycan mənşəlidir.

Mənbə: Dövlət Fitosanitar Nəzarəti Xidməti
Mənbə: Dövlət Fitosanitar Nəzarəti Xidməti

Türkiyədən Rusiyaya bitki və digər məhsulların ixracına 2016-cı ilin yanvarın 1-dən qadağa qoyulub. İki ölkə arasında münasibətlərin kəskinləşməsinə səbəb isə ötən ilin noyabr ayında Türkiyənin Rusiyaya məxsus"Su-24" hərbi təyyarəsini vurması olub. Türkiyə tərəfi təyyarənin hava məkanını pozduğunu bildirib. 

 

Şərhlər