Rusiya bu məhsula sanksiya qoymadı

Qadağan olunmuş məhsullar siyahısına limon salınmayıb.
Aralarında hərbi təyyarənin vurulması ilə münasibətlərinin gərginləşməsindən sonra rəsmi Moskva Türkiyədən ölkəsinə gətirilən bir çox məhsula qarşı sanksiya tətbiq etməyə başlayıb. ANS PRESS-in məlumatına görə, siyahıda məhsullardan birinin olmaması türk iqtisadçıların diqqətini cəlb edib. Bildirilir ki, qadağan olunmuş məhsullar siyahısına limon salınmayıb.

Meyvə tərəvəz ixracartçıları birliyinin məlumatına görə, Türkiyə bu ilin ilk 10 ayında Rusiyaya 214.8 milyon dollarlıq limon ixrac edib. Limon bu rəqəmlə Rusiyaya ixrac olunan meyvə tyərəvəz siyahısında ikinci pillədə qərarlaşıb.

Türkiyənin limon ixrac etdiyi ölkələr siyahısının ilk pilləsində Rusiya var. Cari ildə Türkiyədən Rusiyaya 90 min ton limon ixrac olunub.

Ümumilikdə Türkiyədən ixrac olunan limonun təxminən 25%-i Rusiyanın payına düşür. Türkiyənin Rusiyadan sonra ən çox limon ixrac etdiyi ölkələr müvafiq olaraq İraq, Səudiyyə Ərəbistanı və Rumıniyadır.

Noyabrın 24-də Türkiyə hərbi aviasiyasına aid “F-16” qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiyanın “SU-24” hərbi qırıcısını vurub. Rusiya təyyarəsinin Türkiyənin hava sərhəddini pozduğu bildirilir. Qarşı tərəfə 30 saniyəlik intervalla 10 dəfə xəbərdarlıq olunmasına baxmayaraq “SU-24”ün pilotu bunlara məhəl qoymayıb. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış edib.