Türkiyə Azərbaycanın dəstəyini gözləyir

Türkiyə yükdaşımanın sürətləndirilməsi üçün Azərbaycanla danışıqlar aparır.
Türkiyə bayrağı
Türkiyə bayrağı

Türkiyə Orta Asiya bazarlarına daha asan  çıxış əldə  etmək üçün plan hazırlayıb. Bunun üçün Rusiya İranın nəqliyyat dəhlizlərindən  asılılıq azaldılacaq. Həmçinin  Xəzər dənizi üzərindən keçən dəhliz bu planın əsas hissələrindəndir”. ANS PRESS-in məlumatına görə, bu sözləri Türkiyənin İqtisadiyyat naziri Mustafa Elitaş bildirdi.

"Xəzər dənizi nəqliyyat dəhlizininin inkişaf etdirilməsini milli siyasət kimi dəyərləndirməliyik".

Musafa Elitaş deyib ki, Türkiyənin Nəqliyyat və Dənizçilik Nazirliyi Xəzər dənizi ilə yükdaşımanın sürətləndirilməsi üçün Azərbaycan, QazaxıstanTürkmənistanla  danışıqlar aparır.

“Hazırkı danışıqlarda və görüşlərdə gömrük sənədlərinin asanlaşdırılması, daşınma qiymətlərinin endirilməsi məsələləri müzakirə olunur. Xəzər dənizi dəhlizi ilə yükdaşımalar sürətləndirildiyi dövrdə gediş-gəliş xərcləri  2 min 900-3  min 300 dollar arasında idi. Amma daha sonra bu qiymət 700 dollar səviyyəsinə düşdü”, - deyə nazir bildirib. 

Nazir Rusiya ilə baş verən son hadisələrdən sonra Xəzər dənizi nəqliyyat dəhlizi daha strateji mövqeyə sahib olduğunu deyib. 

Mustafa Elitaş - Türkiyənin İqtisadiyyat naziri
Mustafa Elitaş - Türkiyənin İqtisadiyyat naziri

Türkiyənin Beynəlxalq Nəqliyyatçılar Dərnəyinin İcra heyətinin rəhbəri Fatih Şener isə Rusiya ərazisindən keçən nəqliyyat dəhlizi yenidən açılsa belə Xəzər dənizinin öz əhəmiyyətini qoruyacağını deyib.

"Biz çalışırıq ki, bu xətdən təkcə türk sürücülər deyil, digər ölkələrin yükdaşıma şirkətləri də istifadə etsin. Türkiyə və Çin arasında quru yolunun inkişaf etdirilməsi gündəmdədir. Bu ay Türkiyə və Çin nümayəndə heyətləri arasında görüş olacaq. İki ölkə arasında quru yolu barədə razılıq əldə olunduqdan sonra Xəzər dənizinin tranzit əhəmiyyəti daha da artacaq. Xəzər dənizi nəqliyyat dəhlizininin inkişaf etdirilməsini milli  siyasət kimi dəyərləndirməliyik", - deyə Türkiyə rəsmisi bildirib. 

Fatih Şener  - Türkiyənin Beynəlxalq Nəqliyyatçılar Dərnəyinin İcra heyətinin rəhbəri
Fatih Şener - Türkiyənin Beynəlxalq Nəqliyyatçılar Dərnəyinin İcra heyətinin rəhbəri

Ötən ilin noyabrında Türkiyənin Suriya ilə sərhəddə Rusiyaya məxsus Su-24 bombardmançısını vurmasının ardınca Moskva Ankaraya qarşı iqtisadi cəza tədbirlərindən biri olaraq türk TIR-larına - beynəlxalq yükdaşımalarla məşğul olan ağırtonnajlı yük avtomobillərinə qapıları bağlamışdı.

Gürcüstandan keçib Rusiyaya hərəkət edən Türkiyə TIR-ları sərhəd qapılarının onların üzlərinə bağlanmasından sonra Azərbaycana üz tutub və prezident İlham Əliyev  türk yükdaşıyanların Azərbaycan üzərindən keçidini asanlaşdırmaq barədə təlimat verib.

Həmin vaxtdan etibarən İlham Əliyevin təlimatına əsasən, Azərbaycan dəhlizindən istifadə edən türk sürücülərin vizası və keçid sənədi olmasa belə onlara qarşı cəza tədbirləri görülmür.

Türkiyə, Gürcüstan, Azərbaycan, Orta Asiya və Çin nəqliyyat dəhlizi
Türkiyə, Gürcüstan, Azərbaycan, Orta Asiya və Çin nəqliyyat dəhlizi

Lakin Türkiyə nəqliyyatçıları neçə vaxtdır Xəzər dənizindən keçməklə Orta Asiyaya yükdaşımaların tariflərinin yüksək olmasından şikayətlənirdi. Azərbaycan prezidenti bu problemi də aradan qaldırdı.

Prezident İlham Əliyevin göstərişi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Azərbaycandan Qazaxıstana dəniz yolu ilə daşıma tariflərinə 20%-ə qədər endirim tətbiq etdi.

Ümumiyyətlə, bölgə ölkələrindən Azərbaycan Qazaxıstan və Türkmənistanla müqayisədə infrastruktur və liman layihələrini bitirən tək ölkədir. Türkiyə, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistanın qarşılıqlı ticarəti bu ölkələrin ümumi ticarət dövriyyəsinin 5%-ni təşkil edir.

 

 

Şərhlər