Malayziyanın "Malaysian Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin aqibəti hələ naməlum olaraq qalır. "Boinq 777" tipli təyyarənin Vyetnam sahillərində axtarışına kimya mütəxəssisləri də cəlb edilib. Onlar təyyarənin qəzaya uğradığı ehtimal edilən bölgədə suyun üzərində aşkar edilmiş neft məhsulları ləkəsini təhlil edəcəklər. Bu araşdırma həmin ləkəyə itən təyyarənin səbəb olub-olmadığını göstərəcək.

Axtarış əməliyyatında Malayziyadan başqa, 11 ölkənin hərbi və xilasetmə qüvvələrinə məxsus 40-dan çox gəmi və təyyarə iştirak edir. Bir qədər əvvəl Vyetnam hərbçilərinin Cənubi Çin dənizində itmiş təyyarəyə aid olduğu ehtimal edilən təyyarə hissələri aşkar edikləri barədə xəbər yayılsa da, sonradan bu məlumatın doğruluğu təkzib edilib.

Sərnişin təyyarəsinin saxta passportlarla göyərtədə olan 4 terrorçu tərəfindən partladıla biləcəyi də ehtimal edilir. Ən son məlumatlara görə, təyyarə radarlardan itməzdən əvvəl geri qayıtmaq üçün sağ tərəfə dönüb.

"Boinq 777" təyyarəsinin göyərtəsində ekipaj üzvləri ilə birlikdə 239 nəfər - əksəriyyəti Çin və Tayvandan olmaqla, 13 ölkə vətəndaşları olub.