Beynəlxalq ağır atletika turniri başa çatıb

Yarışlar qadın və kişilər arasında 7 yaş qrupu üzrə keçirilib
Astara Olimpiya İdman Kompleksində keçirilən ağır atletika üzrə “9-cu Zirvə Kuboku”na yekun vurulub.

ANS PRESS-in məlumatına görə, yarışda 12 ölkədən 26 klubu təmsil edən 100-ə yaxın atlet gücünü sınayıb. Qadınlar 3, kişilər isə 4 yaş qrupunda mübarizə aparıblar. İdmançılar həm fərdi, həm də klublarının qələbəsi üçün yarışıblar.

Zirvə Beynəlxalq idman klublarının prezidenti Tofiq Heydərovun sözlərinə görə, yarışların məqsədi əsasən respublikamızda və dünyada ağır atletikanı inkişaf etdirməkdir. "Gələn il bizim yarışlarda 20-yə yaxın dövlətin komandasının çıxışı gözlənilir", - Tofiq Heydərov deyib.

Yarış iştirakçıları arasında son olaraq veteranlar qüvvələrini sınayıb.

67 yaşlı Vladimir Jilyayev toplam 201 kq (91+110) nəticə göstərərək 405.16 xalla qızıl medala sahib çıxıb. Yarışların yekununda bütün çəki dərəcələri üzrə ən yaxşı qadın və kişi idmançılar, eləcə də klublar seçilərək mükafatlandırılıblar.