"Mourinyo məni kürəyimdən bıçaqladı"

Hollandiyalı mütəxəssis Mourinyonun "qırmızı-şeytanlar"a baş məşqçi təyin olunmasına münasibət bildirib.
Lui van Qaal
Lui van Qaal

İngiltərənin "Mançester Yunayted" klubundan göndərilən Lui van Qaal maraqlı açıqlamaları ilə gündəmə gəlib. ANS PRESS-in məlumatına görə, hollandiyalı mütəxəssis Joze Mourinyonun "qırmızı-şeytanlar"a baş məşqçi təyin olunmasına münasibət bildirib.

"Mesajlarıma cavab verməyincə artıq şübhələnməyə başladım"

Lui van Qaal yerinə gələn Mourinyonu tənqid atəşinə tutub: "Federasiya kubokunu qazandıqdan sonra qovulacağım ağlıma da gəlməzdi. Mourinyo dekabr ayında mənə "Mançester Yunayted"lə maraqlanmadığını demişdi. Mövsümün ikinci yarısına qədər bir-birimizlə mesajlaşdıq. Mənə mövsümün başa çatmasına qədər heç nədən bəhs etmədi. Mesajlarıma cavab verməyincə artıq şübhələnməyə başladım. Komandadan qovulduğumu isə xanımım Truus BBC-dən öyrənib mənə dedi. Halbuki mənə "Bu kuboku qazansan, daha bir il komandada qalacaqsan" deyilmişdi. Daha sonra qovulduğumu klubdan mənə mesajla bildirdilər. Mourinyo mənim dostum idi. Məni kürəyimdən bıçaqladı".

Mourinyo və Lui van Qaal
Mourinyo və Lui van Qaal

Təcrübəli çalışdırıcı gələcək karyerasından danışıb: "Mançester Yunayted" mənim çalışdıracağım son komanda olmalı idi. Məni qovdular və buna görə də fikrimdən daşındım. Pensiyaya çıxmaqla bağlı fikrimi dəyişdim. İndi iş axtarıram". 

Mayın 24-də "Mançester Yunayted" rəhbərliyi Lui Van Qalın istefaya getdiyi xəbərini təsdiq edib. Klubun vitse-prezidenti Ed Vudvord hollandiyalı məşqçiyə təşəkkürünü bildirib. "Unutmayaq ki, bu iki il ərzində Van Qal və onun komandası peşəkarlıqla çalışıb. Klub Luiyə gələcək işlərində uğurlar arzulayır" - deyən vitse-prezident fikrini yekunlaşdırıb.

London otellərinin birində klubun rəhbərliyi ilə görüşən Maurinyo müqavilə imzalayıb. Razılığa əsasən növbəti 5 ildə Mourinyo "Mançester Yunayted"i çalışdıracaq. Bu barədə məlumatı “Mançester Yunayted”in keçmiş müdafiəçisi Rio Ferdinand da təsdiq edib. Ferdinand bu barədə "Twitter" hesabında xəbər verib və Mourinyo ilə şəklini yerləşdirib. 

Ötən il dekabrın 16-da "Çelsi"dən ayrılan Mourinyo ilk dəfə 2004-2007-ci illərdə "Çelsi"yə başçılıq edib. Həmin vaхt komanda onun rəhbərliyi altında Premyer Liqanın (2 dəfə), Federasiya Kubokunun (1), Liqa Kubokunun (2) və İngiltərə Super Kubokunun qalibi olub. 2013-cü ildə yenidən komandanın başına keçən portuqaliyalı mütəхəssis ötən mövsüm komandanı Premyer Liqanın və Liqa Kubokunun qalibi etmişdi. Lakin cari mövsümdə komanda uğursuz çıхış edib. Premyer Liqadan fərqli olaraq Çempionlar Liqasında uğurlu çıхış edən London klubu 1/8 finala lider kimi çıхıb.

 

Şərhlər