"Formula 1"də geri sayım başladı

Bu, diqqəti cəlb etməklə yanaşı, yarışa marağın artmasına kömək edəcək.
Şah İsmayıl Xətai parkında gerisayım saatı quraşdırılıb
Şah İsmayıl Xətai parkında gerisayım saatı quraşdırılıb

Formula 1 Avropa Qran Prisinə 20 günün qaldığı bir ərəfədə Bakıda Yusif Səfərov küçəsi boyunca yerləşən Şah İsmayıl Xətai parkında gerisayım saatı quraşdırılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən ANS PRESS-ə verilən məlumata görə, modern üslubda hazırlanan installyasiya şəhərin qonaqlarına və sakinlərinə Formula 1-in builki mövsümünün 8-ci yarışı olan Avropa Qran Prisinin başlamasına qalan vaxtı göstərir.

"Bütün hazırlıq işlərini iyunun 16-dək tam başa vurulacaq".

Məlumata görə, paytaxtın ən işlək küçələrinin biri üzərində quraşdırılmış gerisayım saatı ictimaiyyət arasında Azərbaycanda ilk dəfə keçiriləcək Formula 1 yarışına diqqəti cəlb etməklə yanaşı bu yarışa marağın artmasına kömək edəcək. Qeyd olunur ki, Avropa Qran Prisinə hazırlıq işlərinin əksəriyyətini uğurla başa vuran əməliyyat şirkəti hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və yarışın keçirilməsi üçün gərəkli olan bütün hazırlıq işlərini iyunun 16-dək tam başa vurmaq əzmindədir.

Bakı Şəhər Halqasının asfalt örtüyü yarış üçün hazır vəziyyətə gətirilib. Trek ətrafında təhlükəsizlik baryerlərinin quraşdırılması ilə əlaqədar işlərin 95%-i artıq başa çatıb. Şəhər sakinlərinin fasiləsiz hərəkətinə mane olmamaq üçün trekin bəzi yerlərində təhlükəsizlik baryerləri yarışa ən yaxın günlərdə quraşdırılacaq.

14-16 iyun tarixləri ərzində Bakı Şəhər Halqasının keçdiyi küçələr nəqliyyatın hərəkəti üçün tamamilə bağlanaraq son hazırlıq işləri, o cümlədən qalan təhlükəsizlik baryerlərinin quraşdırılması, trekin yarış standartlarına müvafiq şəkildə boyanması və digər zəruri işlər həyata keçiriləcək.

Bakıda keçiriləcək Formula 1 yarışının tanıtım videosu

Bakı Şəhər Halqası ətrafında quraşdırılacaq 9 tribunadan 7-nin tikintisi artıq başa çatıb. Hazırda 5 min nəfərlik yerə sahib Abşeron tribunasının tikintisi davam edir. Azneft tribunasının quraşdırılmasına isə iyunun 2-də start veriləcək. Bu zaman Neftçilər prospektinin Azneft dairəsinə düşən hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bundan əlavə, Formula 1 Şəhərciyinin yerləşəcəyi dənizkənarı bulvar hissəsində də hazırda tikinti-quraşdırma işləri sürətlə davam etdirilir.