Ermənilər Rusiyaya görə Türkiyədən imtina etdi

Buna səbəb Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulmasıdır.
Erməni samboçuları Türkiyədə keçirilən yarışa getməkdən imtina edib.

ANS PRESS-in məlumatına görə, dekabrda İstanbulda Avropa birinciliyi keçiriləcək. Lakin bu dəfə burada iki komanda iştirak etməyəcək. Bunlar Ermənistana məxsus komandalardır.

Ermənistanın Sambo Federasiyası Suriya səmasında Rusiyaya məxsus Su-24 təyyarəsinin vurulmasına qarşı etiraz əlaməti olaraq, İstanbulda keçirilən Avropa birinciliyində iştirakından imtina edib. Bu barədə təşkilatın bəyannaməsində yazılıb.



Daha əvvəl Ermənistanın yarışlarda iştirakının ləğvi barəsində Sambonun Ümumrusiya Federasiyasının icraiyyə komitəsi elan edib.

Analoji hal Rusiyaya da aiddir. Belə ki, Rusiya İdman naziri və Rusiya Futbol Federasiyasının prezidenti Vitali Mutko yeni ildən sonra Türkiyədən futbolçu transferinə icazə verilməyəcəyini söyləyib.


Vitali Mutko - Rusiya İdman naziri və Rusiya Futbol Federasiyasının prezidenti


Rusiyanın "Rubin" futbol komandasında oynayan Gökdəniz Karadeniz haqqında isə Mutko deyib ki, o, çox yaxşı insandır. "Hər kəs onun kimi olsa, hər şey yaxşı olar. Gökdəniz, əslində, rus sayılır. O, ölkəmizdə qalacaq", - deyə İdman naziri əlavə edib.

Klubun icra heyəti rəhbəri İlgiz Faxriyev də Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsinin Gökdəniz Karadənizə təsirinin olmayacağını vurğulayıb.


Gökdəniz Karadeniz - Rusiyanın "Rubin" futbol komandasında oyunçusu


Bütün bunlar noyabrın 24-də Suriya-Türkiyə sərhədində Rusiyaya məxsus Su-24 təyyarəsinin Türkiyənin F-16 qırıcı təyyarəsi ilə vurulması səbəbindəndir. Türkiyə höküməti bu addımı təyyarənin onun hava məkanını pozduğu üçün atdığını desə də, Rusiya tərəfi bunu təkzib edir. Hətta, Rusiya buna görə, Türkiyənin üzr istəməsini və həlak olmuş pilotlara görə, konpensasiya verməsini də tələb edir. Türkiyə isə üzr istəməyəcəyini və yeganə günahkarın Rusiya olduğunu bildirir. Bu hadisədən sonra iki ölkə arasında münasibətlər gərginləşib. Hətta bu gün Fransada baş tutan BMT-nin İqlim Dəyişikliyi sammitində Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşməkdən imtina edib.