Kikboksçu Ramal Aslanov dünya çempionu oldu

İdmançımız dünya kəmərinə sahiblənib.
Qələbə sevinci
Qələbə sevinci

Almaniyanın Koblenz şəhərində peşəkarlar arasında keçirilən WMAO versiyasi üzrə (K-1) yarışda Azərbaycanlı peşəkar kikboksçu Ramal Aslanov uğura imza atıb. ANS PRESS-in məlumatına görə, Ramal finalda hollandiyalı Mervin Rozendtruik üzərində inamlı qələbə qazanaraq dünya çempionu olub. 

"Məşqçim Hakim Hacıyevə minnətdarlığımı bildirirəm"

Bununla idmançımız dünya kəmərinə sahiblənib. Qələbəsi barədə danışan Aslanov ona dəstək olan şəxslərə təşəkkürünü bildirib.

“Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevə, Oqtay Mehdiyevə, mənimlə birlikdə illərdir əziyyət çəkən məşqçim Hakim Hacıyevə minnətdarlığımı bildirirəm. Dünya kəmərini Azərbaycana gətirdiyimə çox sevinirəm. Qələbələrimin ardı olacaq”, - deyə Ramal bildirib.

Qalib idmançımız
Qalib idmançımız

İdmançının çalışdırıcısı Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin baş məşqçisi, əməkdar məşqçi Hakim Hacıyev bu qələbələrin Azərbaycanda gənc kikboksçulara böyük mənəvi stimul olduğunu qeyd edib. “Ramal öz üzərində çalışan idmançıdır. Onun uğurları bir müəllimi kimi məni sevindirir. Neçə vaxt idi ki, Ramal yarışa ciddi hazırlaşırdı və nəticə istədiyimiz kimi oldu. Bu qələbələr gənc idmançılarımıza mənəvi güc verir”, - deyə Hacıyev bildirib. 

Yarışı canlı izləyən AKF prezidenti, millət vəkili Adil Əliyev Ramalın qələbəsini böyük uğur adlandırıb: “Ramal bizim federasiyanın perspektivli idmançılarındandır. Hələ onu qarşıda daha böyük uğurlar və qələbələr gözləyir. Bu gün belə idmançıların beynəlxalq yarışlarda inamlı qələbələr qazanması ölkə idmanı üçün böyük nailiyyətdir. Ramalı təbrik edirəm” .

Məşqçi Hakim Hacıyev yetirməsi Ramal Aslanovla
Məşqçi Hakim Hacıyev yetirməsi Ramal Aslanovla

İdmançımız bu gün axşam saatlarında vətənə dönüb. Hava limanında böyük coşqu ilə qarşılanan kikboksçu sevincini idmanşı dostları ilə bölüşüb.

 

Şərhlər