Azərbaycan idmançıları Tsxinvaliyə getməkdən imtina etdilər

"Bu, separatçı bölgədir”.
Boks.Arxiv
Boks.Arxiv

Azərbaycan Boks Federasiyası idmançıları Gürcüstanda birtərəfli şəkildə müstəqilliyini elan etmiş Tsxinval bölgəsinə göndərmək niyyətində deyil. “Nə Azərbaycan yığmasının boksçuları, nə də Azərbaycan klublarının idmançıları Tsxinvala getməyəcəklər, çünki bu, separatçı bölgədir”, - deyə Azərbaycan Boks Federasiyasından bildirilib.

İyunun 25-də Tsxinvalda “Cənubi Osetiyanın Prezident Kuboku uğrunda I Beynəlxalq boks turniri” keçirilib. Yarışa Moskvadan, Krımdan, Abxaziyadan, Dnestryanı bölgədən, həmçinin Azərbaycandan, Ryazandan, Vladiqafqazdan, Çexiyadan və Qırğızıstandan boksçular dəvət olunub.

Rusiya-Gürcüstan müharibəsi - 2008-ci il avqust ayı.
Rusiya-Gürcüstan müharibəsi - 2008-ci il avqust ayı.

2008-ci il avqustun 8-də separatçı Cənubi Osetiya münaqişəsi bölgəsi ətrafında günbəgün gərginləşən vəziyyət nəzarətdən çıxıb və Gürcüstan ordusu gecə saatlarında itirdiyi ərazilərini qaytarmaq üçün Tsxinvali üzərinə hücuma keçib. Avqustun 9-da Rusiyaya məxsus 150 tank Şimali Osetiya istiqamətindən Cənubi Osetiyaya daxil olub. Rus qoşunları və separatçılar əks-hücuma keçərək bölgəni Rusiya ilə əlaqələndirən Roki tunelini geri qaytarıb və Rusiya qoşunları bu yolla irəliləyib. Nəticədə Gürcüstan-Rusiya müharibəsi rus və gürcü xalqları arasında uçurum yaratdı. Gürcüstan Rusiyaya nəinki quru, hətta hava yolunu da bağlayıb. Müharibə nəticəsində Cənubi Osetiyadan 30 minə yaxın gürcü qaçqın, itkin düşüb. 

Rusiya, Nikaraqua, Venesuela və Nauru kimi ölkələrdən başqa bütün dövlətlər Cənubi Osetiyanı və Abxaziyanı Gürcüstan ərazisi kimi tanıyır. İki ölkə arasında diplomatik əlaqə kəsilsə də, 2012-ci ilin sonlarında Rusiya və Gürcüstan ticarət, iqtisadiyyat və humanitar məsələlər üzrə dialoqu bərpa ediblər. 

Gürcüstanın ərazi bütövlüyü məsələsi Tiflisin, Moskvanın, eləcə də Abxaziya və Cənubi Osetiyanın iştirakı ilə 2008-ci ilin oktyabrından etibarən Cenevrə diskussiyası adı altında mütəmadi müzakirə olunur. Bu danışıqlarda BMT, Avropa İttifaqı, ATƏT və ABŞ da işrirak edir.

 

Şərhlər