Ermənistan yığması Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasından imtina edə bilər. ANS PRESS-in məlumatına görə, ermənilərin Şahmat Federasiyasının vitse-prezidenti Smbat Lputyan qeyd edib ki, yığmanın Olimpiadada iştirak edib-etməyəcəyi dəqiq bilinmir.
"Biz Bakıda iştirak etməyimiz barədə hələlik qərar verməmişik. Hazırda bu baradə müzakirələr aparırıq. Bizə təklif olunub, ola bilsin, getdik, amma dəqiq deyil”, - federasiya rəsmisi deyib.
Ötən gün Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov xəbər verib ki, Ermənistan yığması Bakıda keçiriləcək Şahmat Olimpiadasında iştirak edəcək.
Ümumdünya Şahmat Olimpiadası 1-14 sentyabrda Bakıda keçiriləcək. Ötən il sentyabrın 10-u Bakıda keçirilən şahmat turnirində ermənilər də çıxış ediblər. Ermənistanı bu yarışda Levon Aronyan, Qabriel Sarqsyan, Qrant Melkumyan və Samvel Ter-Saakyan təmsil edib. Varujan Akopyan və Samuel Sevyan isə yarışda ABŞ bayrağı altında çıxış edib.