Azərbaycanın 2 lisenziyası ləğv olundu

Daha iki idmançımız Olimpiya lisenziyasını itirib.
Boyanka Kostova - atlet
Boyanka Kostova - atlet

Azərbaycan ağırlıqqaldıranları 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına qazanılan 2 lisenziyadan məhrum edilib. ANS PRESS-in məlumatına görə, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (İWF) Tbilisidə ötən gün baş tutan toplantısında dopinq qalmaqallarını müzakirə edərək mühüm qərarlar verilib.

Olimpiadaya hazırlıq dövründə dopinq-testlərin dəfələrlə müsbət nəticə verməsi səbəbindən Azərbaycanın ağırlıqqaldıran yığmasının 2 lisenziyası (1 kişi, 1 qadın atlet) geri alınıb. Milli komandamız "Rio-2016"da cəmi 3 kişi atletlə mübarizə aparacaq.

Ötən həftə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (İWF) 10 idmançını yarışdan kənarlaşdırıb. Siyahıda Azərbaycan ağırlıqqaldıranı Boyanka Kostova da var. 

Valentin Xristov - atlet
Valentin Xristov - atlet

Boyanka Kostova "London-2012"də 5-ci yerdə qərarlaşıb. O, dünya (2015) və 3 qat Avropa (2012, 2015, 2016) çempionudur. 

Bir müddət əvvəl Gənclər və İdman Nazirliyi Azərbaycanın 6 ağırlıqqaldıranının dopinq-testdən keçə bilmədiyi üçün cəzalandırılması ilə bağlı açıqlama yayıb. 6 ağırlıqqaldıranımız (Əliquluzadə Elxan, Anqelova Silviya, Quliyev Firidun, Xristov Valentin, Zairov İntiqamın hər biri 8 və Dadaşbəyli Dadaş 4 il)  dopinqdən istifadə etdiklərinə görə diskvalifikasiya olunublar.

 

Şərhlər