Güləşçilərimiz 4 qızıl medalla vətənə döndü (FOTO)

Yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzov bildirib ki, idmançılarımız çempionatdan yaxşı nəticələrlə dönüblər.
Braziliyanın Salvador şəhərində gənclər arasında dünya çempionatında birincilik qazanmış gənclərdən ibarət sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvləri avqustun 19-da Vətənə qayıdıblar.

Məlumata görə, güləşçilərimizi Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Güləş Federasiyasının nümayəndələri, idmançıların yaxınları və media təmsilçiləri qarşılayıblar.

Yarışlar barədə məlumat verən gənclərdən ibarət sərbəst güləş üzrə yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzov bildirib ki, böyük ümidlərlə yollandıqları çempionatdan yaxşı nəticələrlə geri dönüblər. İlk dəfədir idi ki, gənclərdən ibarət yığma komandada baş məşqçi kimi dünya çempionatına qatılıram. Dünya çempionatında yarışı gərgin mübarizə şəraitində keçdi. Çempionatda 59 dövlət iştirak edirdi. Buna baxmayaraq yeniyetmələrimiz inamlı mübarizə apardı. Güləşçilərimizin yüksək əzmkarlıq nümayiş etdirməsi və ümidlərimizi doğrultması bizi çox sevindirir. Gənc güləşçilərimiz demək olar ki, bütün çəki dərəcələrində medal qazandı.

Bu qələbə münasibətilə hamını təbrik edən məşqçi qazanılan nəticələrin gələcəyə ümidlə baxmağa əsas verdiyini vurğulayıb.

Dünya çempionatına yaxşı hazırlaşdıqlarını söyləyən idmançılar bildiriblər ki, Xaçmazda yüksək səviyyədə təlim-məşq toplanışları keçiblər: “Ən əsası isə dövlət başçısının ölkəmizdə idmana və idmançılara göstərdiyi diqqət və qayğı sayəsində yaxşı nəticələr əldə etdik”.

Ən ağır qarşılaşmaların Rusiya və iranlı idmançılarla olduğunu söyləyən güləşçilərimiz yığmada dörd nəfərin birincilik qazandığını və qələbənin əldə edilməsində məşqçilər korpusunun əməyinin yüksək olduğunu vurğulayıblar.

Qeyd edək ki, sərbəst güləşçilərimiz yarışa böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında yollanmışdı. Sərbəst güləşçilərimiz dünya çempionatını 4 qızıl və 1 bürünc medalla başa vurublar. Sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandamız qızıl medalların sayına görə dünya çempionatında bütün komandaları qabaqlayaraq dünya birincisi olub və idman tariximizə yeni səhifə yazıblar.

Qızıl medalları ölkəmizə Mahir Əmiraslanov (50 kq), Teymur Məmmədov (66 kq), Nurməhəmməd Hacıyev (96 kq) və Səid Həmidov (120 kq) qazandırıblar. Arif Hüseynov (50 kq) isə bürünc medala sahib olub. Komanda hesabında 58 xal toplayan güləş üzrə Azərbaycan yığması çempionatı ikinci sırada başa vurub. İran 62 xalla birinci, Rusiya 49 xalla üçüncü yerdə qərarlaşıb.

View post on imgur.com