Prezident Azərbaycan və Ermənistanı meydana dəvət etdi

Onun fikrincə, bu qarşılaşmadan sonra iki ölkənin münasibətləri düzələcək.
FİDE prezidenti Kirsan İlyumjinov
FİDE prezidenti Kirsan İlyumjinov

FİDE prezidenti Kirsan İlyumjinov federasiyanın rəhbərliyi altında Ermənistan və Azərbaycan arasında şahmat üzrə internet-matç keçirməyi təklif edib. ANS PRESS-in məlumatına görə, təşəbbüsün əsasında "şahmat qarşılıqlı anlayışa malikdir" ideyası durur.

"Arzu edən hər kəs internet vasitəsilə gediş edə biləcək".

 "Mayın 24-də Azərbaycanda ölkə rəhbərliyi ilə görüşəcəm və belə bir təşəbbüs irəli sürəcəm - ölkə ölkəyə qarşı. Ermənistan və Azərbaycan kollektiv şahmat oynaya bilsin, burada arzu edən hər kəs internet vasitəsilə gediş edə biləcək”, - deyə İlyumjinov bildirib.

Onun fikrincə, bu qarşılaşmadan sonra iki ölkənin arası düzələcək. FİDE-nin rəhbəri misal kimi qədim yunanları gətirib. O bildirib ki, o zaman Olimpiya oyunlarının keçirildiyi vaxt bütün müharibə və münaqişələr dayanırdı.

“Ümid edirəm, şahmat və idman sülh və bəşəriyyətin birliyinə xidmət etdiyi kimi bu dəfə də Ümumdünya Şahmat Olimpiadasında şahmatçılar bütün dünyada ildə 100-dən çox silahlı münaqişə olduğu halda, sülh və dostluq içində yaşamağın lazım olduğuna dair nümunə olacaqlar”, - deyə FİDE prezidenti fikirlərini izah edib.

Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasının loqosu
Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasının loqosu

Şahmat Olimpiadası hər iki ildən-bir keçirilən beynəlxalq şahmat turniridir. Turnirin əsası 1924-cü ildə Parisdə qoyulub. Amma ilk iki turnir qeyri-rəsmi olub. Rəsmi turnir ilk dəfə 1927-ci ildə Londonda keçirilib. Hazırda yarış FİDE-nin təşkilatçılığı ilə baş tutur. 1976-cı ildə siyasi səbəblərə görə turnirin İsrailin Hayfa şəhərində keçirilməsinə etiraz əlaməti olaraq bəzi dövlətlər yarışdan imtina edib və Liviyanın paytaxtı Tripolidə qeyri-rəsmi turnir keçirilib. 

 42-ci Ümumdünya Şahmat Olimpiadası bu il sentyabrın 1-dən 14-nə kimi Bakıda keçiriləcək.