Rusiyalı yüngül atletlər yarışlardan uzaqlaşdırılıb

Bu qərarın lehinə "IAAF" ın 22 üzvü səs verib.
Rusiyalı yüngül atletlər IAAF (Beynəlxalq Atletika Federasiyalarının Assosasiyas) tərəfindən təşkil olunan bütün yarışlarda müvəqqəti olaraq iştirak etməyəcəklər.

ANS PRESS-in məlumatına görə, bu barədə xəbər BBC-də yer alıb.

Qərar dərhal qüvvəyə minir və bu yüngül atletika üzrə Rusiya millisinin gələn il Rioda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakını mümkünsüz edir.

Bir müddət əvvəl WADA ( Beynəlxalq Antidopinq Agentliyinin) rusiyalı idmançıların beynəlxalq yarışlardan tamamilə uzaqlaşdırılmasını tövsiyə etmişdi. WADA-nın araşdırmasında əsasən Rusiya idman naziri Vitali Mutko ittiham olunur.

Agentlik bəzi idmançıların dopinq-testləri ilə bağlı manipulyasiyaların məhz Mutkonun göstərişi ilə baş verdiyini qeyd edir. Təşkilatın hesabatında bildirilir ki, Moskva Antidopinq Agentliyinin rəhbəri Qriqori Radçenkov da 1417 dopinq-testi məhv edib.


Beynəlxalq Antidopinq Agentliyinin loqosu ( WADA)


"Moskva laboratoriyasında məhv edilən dopinq-testlər təkcə yungül atletikaya deyil, digər idman növlərinə də aiddi. Dopinq-testlər 2014-cü ilin dekabr ayında məhv edilib", - deyə müstəqil komissiyanın hesabatında WADA keçmiş rəhbəri Dik Paund bildirib. "Nümunələr 2014-ci ilin dekabr ayında məhv edilib", deyə müstəqil komissiyanın üzvü Qyunter Yanqer əlavə edib.

Rusiyanın idman naziri Vitali Mutko isə öz ünvanına söylənmiş bütün ittihamları və həmçinin dopinq analizi keçirənlərə təzyiq göstərilməsi barədə deyilənləri təkzib edərək bunları iftira adlandırıb.

WADA hesabatı bu təşkilatın 2014-cü ilin dekabrında Rusiya yüngül atletlərinin kütləvi halda dopinqdən istifadə etdiklərini iddia edən film nümayiş olunduqdan sonra özü tərəfindən keçirdiyi araşdırmanın nəticələrinə əsaslanır. Həmin film Almaniya televiziyası tərəfindən çəkilib. Film müəlliflərinin iddiasına görə, IAAF Rusiya yüngül atletika federasiyasında baş verən pozuntuları ört-basdır edib.


Vitali Mutko - Rusiyanın idman naziri