Ermənistan Avropa çempionatında təxribatı ilə daha bir qalmaqala səbəb olub. ANS PRESS-in məlumatına görə, Ukraynada kunq fu və uşu üzrə keçirilən Avropa Çempionatında kütləvi dava qeydə alınıb.
Çaxnaşmanın səbəbi isə azərbaycanlı və erməni idmançıların döyüşü zamanı Dağlıq Qarabağda qurulan separatçı rejimin "bayrağı”nın arenaya gətirilməsi olub. Məğlub olduğunu da görən erməni idmançı rinqdən kənarda dayanan şəxsə qəfil hücum edib. Nəticədə Azərbaycan və erməni heyətinin iştirakı ilə kütləvi dava başlayıb.
İdmançılar da daxil olmaqla onlarla insanın iştirak etdiyi davada yarış keçirilən arenanın oturacaqları dağıdılıb.
O.Mehdiyev ös sosial şəbəkədəki səhifəsində erməni rəqibi üzərində qələbə çaldığını elan edib.
Bu, ermənilərin son bir həftədə bayraqla bağlı törətdikləri ikinci təxribatdır. Stokholmda keçirilən “Eurovision-2016” mahnı müsabiqəsinin birinci yarımfinalında Ermənistanı təmsil edən ifaçı İveta Mukuçyan qondarma Dağlıq Qarabağ rejiminin bayrağını yarışın keçirildiyi məkana gətirərək Avropa Yayımları Birliyinin qaydalarını pozub.
"Eurovision" mahnı müsabiqəsinin təşkilatçıları İveta Mukuçyanın yarışın yarımfinal mərhələsində tanınmamış “Dağlıq Qarabağ Respublikasının” bayrağını qaldırdığı üçün finalçılar siyahısından çıxarıla biləcəyini bildirib.
Avropa Yayım Birliyi (AYB) Ermənistan ifaçısının təxribatı ilə bağlı bəyanat yayıb. Bəyanatda AYB və qurumun nəzarət qrupu Ermənistan təmsilçisinin birinci yarımfinal mərhələsi zamanı gözləmə otağında qondarma “Dağlıq Qarabağ Respublikası”nın “bayrağı”nı dalğalandırmasını pisləyib. Bəyanatda bildirilir ki, AYB bu cür hadisələrin “Eurovision” mahnı müsabiqəsinin adına zədələyici təsir göstərəcəyini hesab edir. Nəzarət qrupu qaydalara əsasən Ermənistanın yayım hüququ olan “AMP TV”yə qarşı sanksiya tətbiq etməyi qərara alıb. Sanksiyanın nəticəsi nəzarət qrupunun bu ilin iyununda keçiriləcək növbəti iclasında müəyyən olunacaq.