"Qələbəmi Əliyə həsr edirəm"

Kanada Qran-prisinin qalibinin növbəti hədəfi Bakı halqasıdır.
"Formula-1" pilotu Luis Hemilton və boksçu Məhəmməd Əli
"Formula-1" pilotu Luis Hemilton və boksçu Məhəmməd Əli

"Formula-1" üzrə Dünya Çempionatının iyunun 10-12-də keçirilən yeddinci yarışı – Kanada Qran-prisində "Mercedes"in britaniyalı pilotu Luis Hemilton qalib gəlib. Çempion cari mövsümdəki ikinci qələbəsini əfsanəvi boksçu Məhəmməd Əliyə həsr edib.

ANS PRESS-in məlumatına görə, yeddinci yarışda pilotlar Monrealdakı Jil Vilnöv trasında 4300 metrlik məsafədə 70 turda mübarizə aparıblar. Luis Hemilton yarışı 1 saat 31 dəqiqə 05 saniyəlik nəticə ilə 25 xal toplayaraq başa vurub. Liderdən 5 saniyə geridə qalan Sebastian Vettel (Ferrari) yarışı 18 xalla ikinci pillədə yekunlaşdırıb.

Birincilik əldə pilot bu qələbəsini mərhum boks ustası Əliyə həsr etdiyin öz "Twitter" hesabında paylaşıb. "Kəpənək kimi uç, arı kimi sanc. Bu sənin üçündür, Məhəmməd", - deyən Luis, qələbəsinə görə komandasına minnətdarlığını da çatdırıb.

Yeddinci Qran-pridən sonra "Mercedes"in digər pilotu Niko Rosberq 116 xalla liderliyini davam etdirir. O, indiyədək keçirilən yeddi mərhələdən dördündə (Avstraliya, Bəhreyn, Çin, Rusiya) qalib gəlib. Cari mövsümdə ikinci qələbəsini qazanan L.Hemilton isə bu mərhələdən sonra komanda yoldaşı ilə xal fərqini 9-a endirib və ikinci sırada qərarlaşıb. Onun hesabında 107 xal var.

Çempionatın növbəti – səkkizinci yarışı olan Avropa Qran-prisi iyunun 17-19-da Bakıda keçiriləcək.

 

Şərhlər