Dopinq qalmaqalına görə idmançılarımız 8 il diskvalifikasiya olundu

6 ağırlıq qaldıranımız diskvalifikasiya olunub.
Dərman preparatları
Dərman preparatları

Gənclər və İdman Nazirliyi Azərbaycanın 6 ağırlıqqaldıranının dopinq-testdən keçə bilmədiyi üçün cəzalandırılması ilə bağlı açıqlama yayıb. Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən ANS PRESS-ə verilən məlumata görə,  6 ağırlıqqaldıranımız (Əliquluzadə Elxan, Anqelova Silviya, Quliyev Firidun, Xristov Valentin, Zairov İntiqam - hər biri 8 və Dadaşbəyli Dadaş - 4 il)  dopinqdən istifadə etdiklərinə görə diskvalifikasiya olunublar.

Gənclər və İdman Nazirliyi daim dopinqlə mübarizə aparan və idmançıları bu istiqamətdə mütəmadi olaraq maarifləndirən bir qurum olaraq bildirir ki, Azərbaycan Hökuməti Antidopinq Konvensiyasına qoşulan ilk 40 ölkə arasındadır.  Bununla yanaşı, Konvensiyaya qoşulduqdan sonra Azərbaycan Hökuməti Milli Məclis tərəfindən xüsusi olaraq yaradılmış Komitə vasitəsilə antidopinq üzrə qanun işləyən ilk ölkələrdən biridir.

"Qanunda bir sıra maddələrlə yanaşı, eyni zamanda dopinqdən istifadə olunacağı təqdirdə, idmançı və məşqçiyə cinayət işinin açılması maddəsi də öz əksini tapacaq. Dopinqlə mübarizə məqsədi ilə 10 ildən artıqdır ki, Gənclər və İdman Nazirliyinin nəzdində  dopinqlə mübarizə şöbəsi yaradılıb". 

Valentin Xristov - atlet
Valentin Xristov - atlet

Məlumatda qeyd olunub ki,  nazirlik MDB ölkələri arasında  idmançıların dopinq nümunələrini mütəmadi olaraq yoxlamağa göndərən  ölkələr arasında ilk üçlükdədir.

"Ölkəmizdə keçirilən ilk  Avropa oyunları zamanı nazirlik Avropa Olimpiya Komitəsi ilə idmançıların dopinq yoxlamadan  keçməsi istiqamətində işlərini yüksək səviyyədə qurmağı bacarıb. Lakin bir daha vurğulamaq yerinə düşər ki,  idmançıların təlim məşq toplantılarına qatılması, yarışlara ezam olunması baş məşqçi tərəfindən aparılır. Federasiyalar ilk növbədə idmançılar üzərində nəzarəti daha da möhkəmləndirməli, mütəmadi şəkildə idmançıların dopinq müayinələrinin aparılması üçün nazirliyə müraciət etməlidir". 

Elxan Əliquluzadə - dopinq aşkarlanan ağır atletimiz
Elxan Əliquluzadə - dopinq aşkarlanan ağır atletimiz

Nazirlik bildirir ki, bütün federasiyalara dopinq yoxlamaları ilə bağlı yeniliklər, tərkibində dopinq olan yeni dərman ləvazimatlarının siyahısını mütəmadi təqdim edir: "Bütün lazımi işlərin aparılmasına baxmayaraq, əfsuslar olsun ki, bəzi hallarda diqqətsizlik nəticəsində içilən hansısa maye və ya yemək idmançının dopinqə düşməsinə səbəb ola bilər. Bu səbəbdən idmançıları çəkdikləri zəhmətin bəhrəsinin hədər getməməsi məqsədi ilə  maksimal dərəcədə diqqətli olmağa çağırırıq. Biz baş verən bu hadisə ilə bağlı çox narahatıq və bu istiqamətdə lazımi tədbirlər görüləcək".

Sonda Beynəlxalq Ağırlıqqaldırma Federasiyası tərəfindən bu barədə qərarın verilməsinə baxmayaraq, idmançıların apellyasiyaya verərək öz hüquqlarını müdafiə etmək imkanının olduğu, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının bu istiqamətdə işlər apardığı qeyd olunub. 

 

Şərhlər