Azad Rəhimov dopinq qalmaqalından danışdı

"Bəlkə də Bakıda keçirilən monitorinqə görə bu preparat qadağan olunub".
Azad Rəhimov - İdman naziri
Azad Rəhimov - İdman naziri

Gənclər və idman naziri Azad Rəhimov son günlər dünya idmanında baş verən dopinq qalmaqalına münasibət bildirib. ANS PRESS-in məlumatına görə, nazir rusiyalı idmançıların istifadəsi qadağan olunan dərman preparatlarından istifadədə “ilişməsi”ni və Bakıda keçirilən I Avropa Oyunlarında bir neçə atletdə bunun sonradan aşkarlanmasını ikili standartlarla əlaqələndirib.

"Bunu tibb və siyasət baxımından bir-birindən ayırardım. Məncə, tibb baxımından hər şey məlumdur. Yanvarın 1-dən meldoniy istifadəsi qadağan olunan preparatlar siyahısına salınıb. Yəni bundan sonra idmançılar bunu qəbul etməməlidirlər. Ancaq ilin əvvəlinə kimi meldoniy qadağan olunmayıb. Çoxlu idmançılar bunu qəbul edirdilər. Çünki həmin vaxt qadağan deyildi". 

"Nəyə görə bu haqda yazan jurnalist “London-2012”də qəbul edilən həmin preparatdan söhbət açmır?"

Azad Rəhimovun sözlərinə görə,  Avropa Oyunlarının keçirilməsindən yarım il keçsə də bəzi agentliklər yarışa xələl gətirmək istəyirlər:

"Üstündən yarım il keçsə də bu yarışı alçaltmağa əl atırlar. Nəyə görə, bu haqda yazan jurnalist “London-2012”də qəbul edilən həmin preparatdan söhbət açmır? Mən bu gün deyə bilərəm ki, orada 16 min idmançıdan 6 mini həmin preparatı qəbul edib. Bakıda Avropa Oyunlarında biz monitorinq keçirmişik, bəlkə də həmin monitorinqin hesabına bu preparat yanvarın 1-dən qadağan olunub. Bu isə Avropa Oyunlarının üstün cəhətidir. Həmin məsələ gündəmə elə gətirilir ki, sanki Avropa Oyunlarında qazanılan medallar dopinqin hesabına əldə olunub. Bu, siyasi məsələlər və ikili standartlardır, Avropa Oyunlarının nüfuzunu aşağı salmaq üçündür". 

Mildronat dərmanının effekti
Mildronat dərmanının effekti

İdman naziri dopinqdən istifadədə adı hallanan Azərbaycan millisinin ağırlıqqaldıranları barədə də məlumat verib. Nazir bildirib ki, məsuliyyətsiz işçilər cəzalanaraq işdən çıxarılıb: "Dopinq qəbul edənlər və federasiyada bəzi işçilər işdən azad olunublar". 

Bir neçə gün əvvəl dünyanın ən yaxşı idmançıları sırasında göstərilən rusiyalı tennisçi Mariya Şarapovanın və bir neçə başqa idmançının qanında dopinq tapılıb. Şarapova bunu keçirdiyi mətbuat konfransında açıqlayıb. İdmançının qanında qadağan edilmiş meldoniy maddəsi aşkar edilib. O, bu maddənin qadağan olunmasından xəbərsiz olduğunu deyib.