Avropa Oyunlarında ona ümid edirik (VİDEO)

Marina Durunda I Avropa Oyunlarında ölkəmizi təmsil edəcək iki bədii gimnastdan biridir
Bədii gimnastika üzrə ikiqat Azərbaycan çempionu olan Marina Durunda I Avropa Oyunlarında ölkəmizi təmsil edəcək iki bədii gimnastdan biridir.

ANS TV-nin məlumatına görə, bu oyunlarda iştrakını böyük məsuliyyət hesab edən Durunda yarışlara ciddi səylə hazırlaşır. 4 yaşından idmana başlayan 17 yaşlı gimnastımız 2012-ci ildən millimizin şərəfini qoruyur.

Durunda elə yığmada debüt ilində fərqlənməyi bacarıb. O, Macarıstanda keçirilən beynəlxalq turnirdə qızıl medala sahib çıxıb.

Marina Milli Gimnastika Arenasında üç gün boyunca davam edəcək yarışda həm qrup, həm də fərdi yarışlarda lent, gürz, top və halqa ilə bacarığını nümayiş etdirəcək. Gimnastımız lentlə olan çıxışının tamaşaçıların daha çox bəyənəcəyini düşünür.

“Mən halqa, top, gürz və lentlə çıxış edirəm. Bunların hamısını sevirəm, amma lentlə olan çıxışım Azərbaycan milli mahnısı sədası altında olacaq. Əlbərtə, Azərbaycanda milli rəqslərlə çıxış etmək ikiqat xoş olacaq. Çünki bizim insanlar bizi dəstəkləyəcək”, - deyə Marina Durunda bildirdi.

Minskdə keçirilən son qitə çempionatında 3-cü olan idmançımız Avropa Oyunları zamanı rəqibləri arasında güclü gimnastların olmasına baxmayaraq maksimum nəticə üçün mübarizə aparacaq.

Turnirə psixoloji cəhətdən hazır olan Durunda güclü rəqibələri üzərində uğurlu çıxışı üçün yerli publikadan dəstək gözləyir:

“Rusiya, Belorus, Ukrayna, İsraildən olan qimanstların hamısı yaxşı, güclü gimnastlardı. Hər şey kimin özünü necə göstərəcəyindən aslıdır. Mən özümüzə uğur arzu edirəm. Hamını çağıraram ki, gəlib bizə dəstək olsunlar”.

İdmanın bu növündə 92 bədii gimnast 8 dəst medal uğrunda yarışacaq.