Şarapova açıqlama verdi, milyonlar itirdi

Dünyanın ən məşhur tennisçisinin qanında dopinq aşkarlanıb.
Mariya Şarapova - rus tennisçi
Mariya Şarapova - rus tennisçi

Dünyanın ən yaxşı idmançıları sırasında göstərilən rusiyalı tennisçi Mariya Şarapovanın qanında dopinq tapılıb. ANS PRESS-in məlumatına görə, bunu o özü ötən gün keçirdiyi fövqəladə mətbuat konfransında açıqlayıb. Los-Ancelesdə keçirilən tədbiri açan idmançı önəmli açıqlama etmək niyyətində olduğunu bildirib. "Siz nə deyəcəyimi gözləyirdiniz. Ehtimallar çox idi - toydan kariyeramın bitməsinə kimi. Amma vəziyyət daha da pisdir".

"İdman kariyeramı belə bitirmək istəmirəm"

Şarapova mətbuat konfransına qara ciddi geyimdə gəlib. O, bir neçə gün öncə Avstraliya Açıq Çempionatı zamanı keçirilən dopinq testinin cavabını aldığını deyib.  İdmançının qanında qadağan edilmiş meldoniy maddəsi aşkar edilib. 

Onun sözlərinə görə, bu preparatı 2006-cı ildən qəbul edib. O zaman onun səhhətində problem aşkar edilmişdi. Bütün bu müddət ərzində o, bu dərmanı qəbul edib. Çünki o, orqanizmdəki maqnium çatışmazlığı ilə mübarizədə kömək edib. 

Mariya Şarapova Los Ancelesdəki mətbuat konfransında
Mariya Şarapova Los Ancelesdəki mətbuat konfransında

İdmançının qalmaqallı açıqlaması onun kariyerasına da dərhal təsir edib. Buna baxmayaraq Şarapova kariyerasını belə bitirmək istəmədiyini deyib. Beynəlxalq Tenis Federasiyası (ITF) tennisçini bir müddət yarışlardan uzaqlaşdırıb. Bu qadağa onun işi haqqında yekun qərar verənə kimi davam edəcək. 

"Mən baş verənlərə görə kimisə ittiham etmək niyyətində deyiləm. Bütün məsuliyyət mənə aiddir. Nəticədə insan özü nə etdiyinə qərar verir. Ümid edirəm ki, mənə ikinci şans veriləcək və idman karyerama davam edə biləcəyəm". 

Bu açıqlama artıq uzun illərdir  əməkdaşlıq etdiyi firmaların da qərarına təsir edib. Belə ki, artıq uzun müddətdir reklam üzü olduğu "Nike" onunla əməkdaşlıqdan imtina edib. Rus gözəl uzun illər idi ki, bu brend ilə əməkdaşlıq edirdi. 

Rusiyalı tennisçi reklam etdiyi markanın çəkilişində
Rusiyalı tennisçi reklam etdiyi markanın çəkilişində

Gözəl idmançı son dəfə yanvar ayında Avstraliyada keçirilən çempionatda ulduz tennisçi Serena Uilyamsla qarşılaşıb və məğlub olub. Son illər o aldığı xəsarətlərə görə müntəzəm olaraq yarışlarda iştirak edə bilmir. Hətta bu ay olacaq "Indian Wells" turnirindən də çəkilib. 

M.Şarapova dünyanın ən zəngin idmançıları arasında yer alır. O, idmandan əlavə çox sayda reklam çarxlarında da rol alır. "Forbes"in siyahısına düşən Şarapova ildə 30 milyon dollarlıq gəliri ilə 2015-in ən çox qazanan qadın idmançılarından olub. Bu gəlirin isə ancaq 7 milyon dolları idman sahəsindən olub. 

 

Şərhlər