"Bakıda azarkeşləri unudulmaz anlar gözləyir"

Avtopilot hamının Bakıda sürətli yürüşə çıxmaqdan məmnun olacağını deyib.
Fernando Alonso Bakıda
Fernando Alonso Bakıda

"Bakıda olmaqdan böyük məmnunluq hissi keçirirəm. Üç dəfə Avropa Qran-pri yarışlarının qalibi adını qazanmışam. Sonuncu dəfə Berlində təşkil olunan Avropa Qran-prisində fərqlənmişəm. Azərbaycanda ilk dəfədir belə yarış təşkil edilir. “Formula-1” Avropa Qran-prisinin səfiri kimi Bakıda olmaq mənim üçün çox xoşdur".

Bu sözləri iyunda Azərbaycanda keçiriləcək “Formula-1” üzrə Avropa Qran-pri yarışlarının idman elçisi, “McLaren Honda” komandasının pilotu, ikiqat dünya çempionu Fernando Alonso Bakıda mətbuat konfransında səsləndirib.

O, bütün həmkarlarına müraciət edib və deyib ki, hamı Bakıda sürətli yürüşə çıxmaqdan məmnun olacaq. "Yarışı canlı görmək tamamilə başqa hisslər yaradır. Bakıdakı trasla tanış olmuşam. İyunda gözəl yarışa şahidlik edəcəksiniz və bütün azarkeşləri unudulmaz anlar gözləyir”.

 

Fernando Alonso
Fernando Alonso

Onun sözlərinə görə, Bakı Şəhər Halqası digərlərindən fərqlənir. Alonsonun fikrincə, sərt döngələr pilotlara problem yaradacaq. "Şəhərin tarixi hissələrində yollar daralır. Yoxuşlu yollar da var ki, bu, asan olmayacaq. Sürətli yolda isə sürəti saatda 340 kilometrədək artırmaq mümkün olacaq".

Avropa Qran-prisinin Bakının tarixi abidələrinə hər hansı təsirinin olub-olmaması barədə sualı cavablandıran F.Alonso qeyd edib ki, bu yarış heç bir problem yaratmır. Hər şey çox gözəl nizamlanır və təşkil edilir. Sürəti sevirəm. Yaşadığım yerdə gələcəyin pilotlarını yetişdirmək istərdim. Bir vaxtlar mən İspaniyadan yararlandım. İndi isə istəyirəm İspaniya məndən yararlansın". 

Fernando Alonso “Formula-1” tarixinin ən uğurlu və məşhur pilotlarından biridir. İspaniyalı pilot iki dəfə dünya çempionu tituluna yiyələnib. O, 32 dəfə Qran-pri yarışının qalibi adına layiq görülüb və 97 dəfə podiuma çıxıb. F.Alonso bir vaxtlar İspaniyada keçirilmiş Avropa Qran-pri yarışlarının qalibi olmuş azsaylı pilotlardan biri kimi tarixə düşüb. 2012-ci ildə Valensiyada baş tutmuş sonuncu Avropa Qran-pri yarışı daxil olmaqla, məhz bu mərhələdə ümumilikdə üç dəfə birincilik qazanıb.

"Formula 1" yarışı
"Formula 1" yarışı

17-19 iyun tarixlərində Bakıda keçiriləcək yarışda dünyanın ən güclü pilotları qalib adı uğrunda mübarizə aparacaqlar. 

 

Şərhlər