"Azərbaycanda "Formula-1" 5 il məcburi keçirilməlidir"

Nazir Azad Rəhimov əks halda cərimə ödəməli olduğumuzu deyir.
Azərbaycanda Formula 1" yarışları 5 il keçirilməlidir. Bunu gənclər və idman naziri Azad Rəhimov deyib. Onun sözlərinə görə, müqavilə 10 illik bağlanıb. "Müqaviləyə əsasən, Azərbaycanda "Formula - 1" yarışları 5 il keçirilməlidir. Azərbaycan bu müddət ərzində yarışın keçirilməməsi haqda qərar versə, cərimə ödəməliyik".

Növbəti 5 ildə isə Azərbaycan öz istəyinə əsasən addım ata bilər. Belə ki, yarışı ya keçirə, ya da dayandıra bilər. "Ancaq ilk 5 ildə keçirilməlidir. Hazırda yarışın büdcəsi 12 milyon dollardır. Bu yarışın büdcəsi hər il ödənən haqq və təşkilatı xərclərdən ibarətdir, bunun da açıqlaması olacaq. Heç nə gizli qalmayacaq".


Azad Rəhimov - gənclər və idman naziri

Qeyd edək ki, bir neçə gün öncə "Autoweek" saytının məlumatına görə, ölkə ümumilikdə 150 milyon ABŞ dolları ödəməlidir. İtaliya avtomobil klubunun başçısı Stiççi Damiani Azərbaycanın "Formula 1" rəhbəri Berni Ekklstouna 2016-cı ildən 2018-ci ilədək keçiriləcək 3 yarışa görə 150 milyon dollar ödəyəcəyini açıqlayıb. Bu məbləğin 50 milyonu 2016, 50 milyonu 2017, digər 50 milyonu isə 2018-ci ildə baş tutacaq Qran-Priyə görədir.

Nazir A.Rəhimov Formula 1-in büdcəsi barədə açıqlama verərək bildirmişdi ki, büdcə 150 milyon dollardan çox-çox aşağıdır. "6 km yolun tikintisinə 12 milyon manat xərclənib. Pitstop binası üçün isə 30 milyon dollar sərf olunacaq".


"Formula 1" Bakı xəritəsi

2016-cı il Formula 1 Avropa Qran Prisinın 17-18-19 iyun 2016-cı ildə keçirilməsi nəzərdə tutulub.
3 günlük biletlər Formula 1 ™ Məşq sessiyalarına, Təsnifat turuna və bazar günü keçiriləcək əsas yarışa tamaşa etməyə imkan verəcək. Bu biletlər sizə həftənin cümə axşamı pit zolağına giriş və həftəsonu müxtəlif ticarət və əyləncə zonalarına daxil olmaq imkanı verəcək. Cümə, şənbə və bazar axşamları əyləncənizə rəng qatmaq üçün xarici ulduzların iştirakı ilə müxtəlif konsert proqramları təşkil ediləcək.

Formula 1 Avropa Qran Prisi üçün biletlər https://www.bakucitycircuit.com/ saytı vasitəsilə satışa çıxarılıb.

Həmçinin oxuyun:
Azərbaycan "Formula 1"ə nə qədər xərcləyəcək?
Bakının "Formula 1" hazırlığı başladı (FOTO)
Bakıda Formula 1-in biletinin qiymətləri açıqlandı