Cüdoçumuz Fransada medal qazandı (FOTO)

Parisdə cüdoçular arasında keçirilən “Böyük dəbilqə” turniri davam edir.
Fransanın paytaxtı Parisdə cüdoçular arasında “Böyük dəbilqə” turniri keçirilir.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 93 ölkədən 583 cüdoçunun iştirak etdiyi mötəbər turnirdə milli komandamız 11 idmançı ilə təmsil olunur.

Yarışın ilk günündə 4 cüdoçu ilə mübarizəyə start verən komandamız aktivinə bir medal yazdırmağı bacarıb.

60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən İlqar Müşkiyevin çıxışı uğurlu alınıb. Cüdoçumuz 1/4 finala gedən yolda qırğızıstanlı Argen Bakıtbek, perulu Juan Postiqos və tatami sahibi Vinsent Limare üzərində qələbə qazanıb. 1/4 finalda Koreya təmsilçisi Von Jin Kimi məğlub edən Müşkiyev, yarımfinalda Özbəkistan cüdoçusu Şarafuddin Lütfillaevə də qalib gələrək adını finala yazdırıb. Lakin finalda Yaponiya təmsilçisi Toru Şişimeyə məğlub olan İlqar Müşkiyev “Böyük dəbilqə”nin gümüş medalını qazanıb.

Qeyd edək ki, digər cüdoçularımız Orxan Səfərov (60 kq), Hidayət Heydərov və Tərlan Kərimov (hər ikisi 66 kq) mübarizəni erkən dayandırıblar.