Rafael Ağayev Fransanın Monpelye şəhərində keçirilən karate üzrə 51-ci Avropa çempionatının finalına yüksəlib. ANS PRESS-in məlumatına görə, idmançımız finalda türkiyəli idmançı Ərman Əltəmurla qarşılaşacaq.
75 kq çəkidə rəqib tanımayan Rafael Ağayev Andorra, Avstriya və Macarıstanlı rəqiblərini məğlub edərək yarımfinala yüksəlib. Dünya çempionumuz yarımfinalda fransalı rəqibinə də şans verməyib və onu məğlub edərək finala yüksəlib. 12 qat Avropa və 4 dəfə dünya çempionu olan karateçimiz “Facebook” səhifəsində dostları ilə uğurlu çıxışını bölüşüb. O, “dostlar , mən karate üzrə Avropa çempionatının finalına yüksəldim” yazıb.
R.Ağayev karate üzrə Azərbaycan yığmasının kapitanıdır. 5-ci dan qara kəmərin sahibidir. O, Avropa Oyunlarında qızıl medalın sahibi olub. Onun ləqəbi "brilyant oğlandır ". Rafael Ağayev "Qorxma, mən səninləyəm! 1919" filmində çəkilib. Azərbaycan karateçisi bir müddət əvvəl ailə qurub.