Boksçumuz dünya çempionu oldu (VİDEO, FOTO)

"Onun qələbə qazanmaq arzusunu ürəyində qoyacam".
Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədov tarix yazıb.

ANS PRESS-in məlumatına görə, Məmmədov ölkənin peşəkar boks tarixində ilk dəfə olaraq WBF (World Boxing Federation) və WBCA versiyalarında dünya çempionluğu uğrunda döyüşə çıxıb.

“Qəbələ” İdman Klubunun üzvü peşəkar boks tariximizdə ilki dəfə olaraq WBF (World Boxing Federation) və WBCA versiyalarında dünya çempionluğu uğrunda Uqanda təmsilçisi Badru Lusambiaya qarşı döyüşüb. Məmmədov rəqibini məğlub edərək dünya çempionu olub. Fariz Məmmədov qələbəsiylə bağlı ilk açıqlamasını da verib. O, "Qəbələ" rəhbərliyinə təşəkkür edib və bu günü 15 ildir ki, gözlədiyini qeyd edib. Peşəkar boksçu bu oyunun böyük boksda son oyunu olduğunu da qeyd edib və karyerasını bitirdiyini elan edib.



B.Lusambia bugünədək keçirdiyi 28 döyüşün 2-də məğlub olub və 22-ni vaxtından əvvəl başa vurub. Məmmədov isə 21 döyüşün 18-də qələbə qazanıb. Qarşılaşmadan bir gün öncə Boks Mərkəzində keçirilən çəkiölçmə mərasimi və mətbuat konfransı zamanı Məmmədov "Onun qələbə qazanmaq arzusunu ürəyində qoyacam" deyə bildirmişdi.



"Güclü rəqiblə qarşılaşmağım məni sevindirir. O da çox iddialıdır. Uqandalının döyüşə yaxşı hazırlaşdığını bilirəm. Lakin düşünürəm ki, onun qələbə qazanmaq arzusunu ürəyində qoyacağam. Əlimə düşən imkanı qaçırmayacağam. Mən 2015-ci ilin avqustundan bu qarşılaşmaya hazırlaşıram. İki ukraynalı məşqçinin rəhbərliyi altında 10 həftə fiziki, 6 həftə isə boks hazırlığı keçmişəm. Döyüşə çox ciddi yanaşıram və bütün gücümlə vuruşacağam. Bu, karyeramda ən vacib döyüşdür. Boks həvəskarlarını sevindirmək üçün əlimdən gələni edəcəyəm. Bu döyüşə tam hazıram”,- deyə idmançımız bildirmişdi.