"Bakı 2017" İslam Həmrəyliyi Oyunlarının təqdimatı (FOTO)

İclasda 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı görülən işlərin hesabatı verilib
Dekabrın 3-4-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) növbədənkənar Baş Assambleyası və İcraiyyə Komitəsinin iclası keçirilib.

Milli Olimpiya Komitəsindən (MOK) ANS PRESS-ə verilən məlumata görə, iclasda Azərbaycanı MOK-un vitse-prezidenti, İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi və İHİF-in İcraiyyə Komitəsinin üzvü Könül Nurullayeva, “Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin nümayəndəsi Mehman Kərimov və digər nümayəndələr təmsil ediblər.

İclas zamanı Azərbaycanda keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı görülən işlərin hesabatı MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi K.Nurullayeva tərəfindən verilib. Azərbaycan Milli Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov və bu ilin aprel ayında İslam ölkələrinin taekvando çempionatının Bakı şəhərində keçirilməsi ilə bağlı təqdimatla çıxış edib.

K.Nurullayeva və “Bakı 2017” Təşkilat Komitəsinin nümayəndəsi M.Kərimov Azərbaycanda keçiriləcək “Bakı 2017” İslam Həmrəyliyi Oyunları ilə bağlı təqdimat ediblər.

Eyni zamanda, tədbir çərçivəsində Azərbaycan Milli Cüdo Federasiyasının vitse-prezidenti Asif Əsgərov cüdo idman növünün 2017-ci ildə ölkəmizdə keçiriləcək İslam Həmrəyliyi Oyunlarının idman proqramına salınması və bu idman növü üzrə 2015-ci ildə sınaq yarışının keçirilməsi ilə bağlı müzakirələr aparıb.

Assambleya zamanı Şahzadə Abdulla Bin Mossad Bin Abdulaziz İslam Həmrəyliyi İdman Federasiyasının yeni prezidenti seçilib. O, həmçinin Səudiyyə Ərəbistanı Krallığının Olimpiya Komitəsinin yeni prezidenti təyin edilib.