Ermənilər Bakıya gəlməyərək Olimpiya oyunlarından imtina etdilər

Ermənistanın adı Beynəlxalq boks Federasiyasının siyahısında yoxdur.
Boks
Boks

Boks üzrə Ermənistan yığmasının Bakıya gəlməyəcəyi dəqiqləşib. Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova ANS PRESS-ə bildirib ki, Bakıda keçiriləcək boks üzrə Dünya Olimpiya təsnifat turnirində Ermənistan yığması iştirak etməyəcək. Bu ölkənin adı Beynalxalq boks Federasiyasının siyahısında yoxdur.

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək. Bu növdə sonuncu lisenziya yarışı "Sərhədçi" İdman Olimpiya Mərkəzində təşkil olunacaq. Bu turnirdə yalnız kişi boksçular iştirak edəcək.

Artıq yarışda çıxış edəcək boksçularımızın adı məlumdur. Rüfət Hüseynov (49 kq), Kamran Şahsuvarlı (75 kq) və Teymur Məmmədov (81 kq) doğma rinqdə Olimpiadaya lisenziya qazanmağa çalışacaq.

Ancaq Rüfətin işi daha çətin olacaq. Çünki ən yüngül çəkidə yalnız finalçılar Olimpiya Oyunlarına vəsiqə əldə edəcək. 75 və 81 kq-da isə ilk "5-lik"də yer alanlar Rio-2016-da iştirak edəcək.

 

Şərhlər