Dünyanın ən sürətli insanına şok

Onun Olimpiya Oyunlarında iştirakı sual altındadır.
Useyn Bolt - sprinter
Useyn Bolt - sprinter

Altı qat olimpiya, 11 dəfə dünya çempionu olan dünyanın ən sürətli sprinteri Useyn Boltun Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakı sual altındadır. ANS PRESS-in məlumatına görə, buna səbəb dünyanın ən sürətli adamının vətərinin zədələnməsidir.

Ötən gün 29 yaşlı Bolt milli çempionatın yarımfinalında 100 metrlik məsafəyə qaçışda qalib gəlib. Bolt 100 metrlik məsafəni 10,04 saniyəyə qaçıb. Lakin bundan sonra zədə səbəbindən yamaykalı yarışlardan kənarlaşıb. Bu barədə məşhur idmançı “Twitter” rəsmi mikrobloqunda xəbər verib.

"Mən birinci raunddan sonra dizaltı vətərdə diskomfort hiss etdikdən sonra yenidən yarımfinalda qaçdım. Daha sonra milli çempionatın baş həkimi məni müayinə edərkən vətərimdə birinci dərəcəli yırtıq zədəsi diaqnozu qoydu", - deyə Bolt bildirib.

Bolt
Bolt

Sonda Bolt Yay Olimpiya Oyunlarında iştirak edəcəyinə ümid etdiyini qeyd edib. Onun sözlərinə görə, artıq zədənin müalicəsinə başlanıb. Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunları avqustun 5-dən 21-dək keçəcək.

"Mən milli çempionat çərçivəsində keçirilən yarışların qalan hissəsində iştirakdan azad olmaq üçün tibbi rəyi verdim. Mən dərhal müalicəylə məşğul olacağam. İyulun 22-də London yubiley oyunlarına (London Anniversary Games) hazır olmağa ümid edirəm ki, daha sonra Rio-de-Janeyroda Olimpiya oyunlarına gedə bilim", - deyə sprinter qeyd edib.

Dünya rekordçusu Bolt futbol azərkeşidir və onun sevimli komandası “Mançester Yunayted” klubudur. Məşhur sprinter 2009-cu il avqustun 16-da Almaniyanın paytaxtı Berlində keçirilmiş dünya çempionatında 100 metrlik məsafəyə 9,58 saniyəyə qaçaraq yeni rekord təyin edib.

O, avqustun 20-də 200 metr məsafəni isə 19,19 saniyəyə qət edib. Hər iki məsafədə əvvəlki nailiyyətlər də Bolta məxsus idi. Məşhur sprinter 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında 3 qızıl medal qazanmaqla yanaşı, 2 dünya rekordu müəyyənləşdirib.

 

Şərhlər