"Elektron Səhiyyə" internet portalı yenilənib

Yenilənın portalda elektron xidmətlər fəaliyyət göstərir
Səhiyyə Nazirliyində “Elektron Səhiyyə” internet portalı yenilənib. ANS PRESS-in nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi tərəfindən portalın yenilənmiş versiyası istifadəyə verilib.

Portalda respublikada və dünyada səhiyyə sahəsində “e-Səhiyyə” həlləri və yenilikləri barədə geniş məlumat verilir. Həmçinin burada Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən layihələr haqqında informasiya əks olunub, eləcə də elektron xidmətlər fəaliyyət göstərir.

Təqdim olunan elektron xidmətlərindən “Elektron Sağlamlığı Kart”larının sahibləri, uşaq poliklinikalarında qeydiyyatda olan uşaqların valideynləri, dövlət tərəfindən pulsuz dərman preparatları alan imtiyazlı şəxslər, dövrü müayinələrdən keçən “Tibbi Müayinə Kartı” sahibi olan şəxslər, dövrü tibbi müayinədən keçən işçi heyəti olan dövlət və özəl müəssisələrin rəhbərləri yararlana bilərlər. Bunun üçün portalda qeydiyyatdan keçərək elektron kartlarda və müvafiq informasiya sistemlərində yer alan məlumatları tibb müəssisələrinə getmədən əldə etmək imkanı yaradılıb.

“Elektron Səhiyyə” internet portalının ünvanları aşağıdakılardır:
www.e-sehiyye.gov.az; www.esehiyye.az