Şeyxülislam: Şişirtmək lazım deyil

QMİ sədri Gəncədə dindarlara qarşı olan əməliyyatdan danışdı.
"Gəncədə baş verənləri şişirtmək lazım deyil. Bunu siyasiləşdirmək lazım deyil". Bunu Aşura günü ilə əlaqədar Təzəpir məscidində keçirilən qanvermə aksiyasına qatılan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib. O, ötən gün Gəncə şəhərində bir neçə dindarın saxlanması ilə nətiələnən də məsələyə münasibət bildirib.

Şeyx bu məsələdə hər hansı siyasi məsələdən söhbət gedə bilməyəcəyini deyib. "İmamzadədə abadlıq işləri görülür. Heç kim məscidi bağlamayıb".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da Gəncədə baş verənlərin mətbuatda yazılan kimi olmadığını deyib. "Orada insanlar Şah Abbas məscidinə yürüş etmək istəyiblər, bunun da qarşısı alınıb. Əzadarlıq məscidin içində olmalıdır. Biz bunu dəfələrlə bildirmişik ki, kütləvilik olsa da, yürüş-aksiya olmamalıdır.

Bundan əlavə Hacı Allahşükür Paşazadə İslama qarşı olan mübarizədn də danışıb. O deyib ki, hazırda İslama qarşı olan qüvvələrə qoşulan gənclərimiz var, lakin onlar düz yolda deyillər.

“Vətənini sevməyənin imanı da yoxdur, belələri cəzalarını çəkəcəklər. Xalqımız arasında birlik var və biz dövlətimizin arxasındayıq”.


Hacı Allahşükür Paşazadə qanvermə aksiyasında


Xatırladaq ki, bu gün Hicri-Qəməri təqvimi ilə Məhərrəm ayının 10-cu günü - Aşuradır. 1369 il öncə Məhərrəm ayının 10-cu günündə Məhəmməd Peyğəmbərin (s) nəvəsi, İmam Əlinin (ə) oğlu İmam Hüseyn (ə) İraqın Kərbəla çölündə 71 tərəfdarı ilə birlikdə şəhid olub, Yezid ibn Müaviyyənin 30 minlik ordusu tərəfindən qətlə yetirilib. İmam Hüseynin (ə) əhli-əyalı isə Yezidin qoşunu tərəfindən əsir alınaraq Şam şəhərinə sürgün edilib.

Aşura ilə bağlı olaraq bu gün ölkə ərazisində qanvermə aksiyaları keçirilib. Aksiyalara aşağıdakı ünvanlarda keçirilir.

1. Yasamal rayonu Təzəpir məscidi;
2. Yasamal rayonu Hacı Soltanəli məscidi;
3. Səbail rayonu Bibi-Heybət məscidi;
4. Səbail rayonu İçərişəhər Cümə məscidi;
5. Suraxanı rayonu Qaraçuxur məscidi;
6. Xəzər rayonu “Mir Mövsüm ağa” məscidi;
7. Nizami rayonu Keşlə qəsəbə məscidi;
8. Sumqayıt şəhər “Cümə” məscidi;
9. Gəncə şəhər “İmamzadə” məscidi;
10. Mingəçevir şəhər “Heydər” məscidi;
11. Şəki şəhər “Cümə” məscidi;
12. Lənkəran şəhəri Böyükbazar məscidi;
13. Bərdə şəhər “Cümə” məscidi;
14. Nəsimi rayonu Əjdərbəy məscidi.