Ləzgilər Su çərşənbəsini necə qeyd edirlər?

Bulaqdan su gətirən qadınlar onu hasarların dibinə tökürlər.

Bu gün Novruzun ilk çərşənbəsidir. Bu gün ölkəmizin müxtəlif regionlarında fərqli şəkildə qeyd edilir. ANS PRESS el arasında əzəli çərşənbə adlandırılan Su çərşənbəsinin Qusarda necə keçirilməsini rayon mərkəzindən aralıda yerləşən Yasab kəndinin timsalında təqdim edir. Burada çərşənbə, demək olar ki, tam su ilə əlaqəli keçirilir. Bahara təslim olmaq istəməyən qış özünün son günlərini qarla göstərir.

Müəllimə olan Rəhimə Muradxanovanın sözlərinə görə, Su çərşənbəsində ilk olaraq həyət-bacanı təmizləyir, sulayır, bulaq başına gedirlər. "Hər yerə su çiləyirlər ki, bolluq olsun". 

Adətə görə, səhənglə bulaqdan su götürən qadınlar suyu küçə boyu qapıların ağzına, hasarların dibinə tökürlər.

Qusarın Yasab kəndində Su çərşənbəsi

Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirilir.

Bu çərşənbə suya inanmaq inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır. Xalqın inamına görə, Su çərşənbəsi günü "təzə su"dan keçənlər azarını-bezarını ona verər, il boyu xəstəlikdən uzaq olar.