Azərbaycan Beynəlxalq BMT Təhlükəsizlik Şurası Modelinə ev sahibliyi edəcək (FOTO)

Konfransda 15 ölkədən 45 universitet tələbə və məzunlarını bir araya gələcək
“Gənclərin qərar qəbulu və siyasətin həyata keçirilməsində iştirakı” üzrə birgə layihəyə əsasən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMT İP) oktyabr ayında keçiriləcək ölkənin ilk Beynəlxalq BMT Təhlükəsizlik Şurası Model Konfransını təşkil edirlər.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 4 günlük konfrans Azərbaycan da daxil olmaqla hazırda BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkədən 45 universitet tələbə və məzunlarını bir araya gətirəcək. Seçilmiş namizədlər qlobal təhlükəsizlik məsələlərində zəngin təcrübəyə malik keçmiş və hazırki diplomatların olacağı, BMT-nin İctimai İnformasiya Departamenti (BMT İİD) ilə birgə hazırlanmış iki günlük konfrans öncəsi təlim seminarında iştirak edəcək. Daha sonra onlar Kiber Terrorizm üzrə BMT TŞ-nın simulyasiya sessiyasına qatılacaq.

Gənclər BMT səfirləri və diplomatlarının yerinə keçərək Təhlükəsizlik Şurası toplantısı zamanı siyasi müzakirələrdə rol oynayacaq. BMT Modelində iştirak tələbələrə gələcəyin siyasətçiləri üçün lazımlı olan tədqiqat aparmaq, yazı, natiqlik və təhlil kimi bacarıqları inkişaf etdirməkdə yardımçı olacaq. Onlar həmçinin bu təcrübə sayəsində vasitəçilik, konfliktlərin həll edilməsi və əməkdaşlığın əhəmiyyətini öyrənəcək. Eləcə də, liderlik və ünsiyyət bacarıqlarını inkişaf etdirəcək.

Konfransa hazırlıq çərçivəsində Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini cənab İntiqam Babayevin rəhbərliyi ilə nazirlik və BMT-nin İP əməkdaşlarından ibarət nümayəndə heyəti 26-30 avqust 2013-cü il tarixlərində BMT-nin Nyu-York Qərargahına səfər edəcək. Səfərin məqsədi BMT Modelinin idarə olunmasında beynəlxalq təcrübəni öyrənmək və Bakıda keçiriləcək tədbirə yüksək səviyyəli beynəlxalq məruzəçiləri cəlb etməkdir.

Səfər çərçivəsində BMT Baş Katibinin yeni təyin olunmuş Gənclər üzrə elçisi Əhməd Əlhəndavi, İctimai Əlaqələr və İctimai İnformasiya üzrə Baş Katib müavini Launski Tieffensal, BMT-nin İP-nin Avropa və MDB ölkələri üzrə Regional Bürosunun bölgə direktoru Cihan xanım Sultanoğlu və BMT-nin İİD-nin Təşviqat Bölməsinin direktoru Mahir Nasser ilə ikitərəfli görüşlər keçiriləcək. Nümayəndə heyəti həmçinin Nyu-York şəhərində BMT-nin İİD tərəfindən keçirilən illik BMT Model seminarında iştirak etmək imkanı əldə edəcək.

BMT Modeli tələbələrə diplomatiya və əməkdaşlıq dünyasını təsvir edən BMT Baş Assambleyası, BMT Təhlükəsizlik Şurası və digər BMT qurumlarının real həyat simulyasiyasıdır. BMT Modelində tələbələr təşkilatın gündəliyindəki cari məsələlər üzrə müzakirələr aparırlar. Daha çox “nümayəndə heyəti” kimi tanınan tələbələr problemləri həll etmək üçün beynəlxalq əməkdaşlığın səfərbərliyi naminə qətnamə layihəsi, strategiya planı hazırlayır, tərəfdaşlar və rəqiblərlə danışıqlar aparır, konfliktləri həll edirlər.

Azərbaycan 1 yanvar 2012 ci il tarixindən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş və onun üzvlüyü 31 dekabr 2013 cü il tarixinə qədər davam edəcək. Bu iki il ərzində Azərbaycan 2012 ci ilin may ayında TŞ-ə sədrlik etmiş və növbəti oktyabr ayında bir aylıq müddətə yenidən başçılıq edəcək.