Bu yay 10 nəfəri gün vurdu

Günvurmanın əlamətləri nədir?
Günvurmadan əziyyət çəkən gənc
Günvurmadan əziyyət çəkən gənc

İyun ayından bu günə qədər günvurma ilə bağlı təcili tibbi yardıma 10 nəfər müraciət edib. Bunu ANS PRESS-ə Təcili Tibbi Yardım Xəstəxanasının direktoru Rauf Nağıyev deyib.

Məlumata görə, günvurmadan ən çox zərərçəkənlər yaşlı insanlardır. Ümumiyyətlə isə günəş vurması isti hava şəraitində gün altında çox qalanlarda müşahisə edilən yay xəstəliyidir.

ANS PRESS günvurmanın əlamətləri və ondan qorunmaq üçün məsləhətlər təqdim edir:

Günvurmanın əlamətləri: şiddətli başağrısı, ürəkbulanma, qusma və yüksək temperatur.

Günəş vurması çox təhlükəli haldır və əgər vaxtında müdaxilə edilməsə, ölümlə nəticələnə bilər. Bəzi hallarda isə sinir sistemində qalıcı fəsadlara səbəb ola bilər. 

İlk yardım: Belə halla qarşılaşanda zərərçəkəni kölgəyə aparmaq lazımdır. Xəstəni sərinlətməyin, ən yaxşı yolu soyuq su vannasıdır. Ağır formalarda süni nəfəsvermə də yerinə düşər.

Təcili görüləcək işlər:

  • Zərərçəkəni həmin sahədən uzaqlaşdırmalı;
  • Naşatır spirtini tənzifə vuraraq iynətməli;
  • Üst geyimini soyundurmalı;
  • Üzünə soyuq su çiləməli, sinəsinə yaş dəsmal qoymalı;
  • Başına soyuq su kompresi qoymalı;
  • Təcili yardım çağırmalı.


Uşaqlar üçün tədbirlər:

Günəş şüalarının aktiv olduğu saatlarda - səhər 10:00 ilə günortadan sonra 15:00 arasında uşaqları açıq havada saxlamayın. Uşaqlara kölgə anlayışını öyrədin. Əgər kölgəniz özünüzdən kiçikdirsə, çölə çıxmayın. Papaq, uzunqol köynəklə günəşdən qorunun. 6 aydan kiçik uşaqlara günəşdən qoruyucu kremlərdən istifadə etməyin. Böyük uşaqları günəşə çıxarmazdan azı yarım saat əvvəl kremləyin. Kənarı qapalı eynək taxın. Ağ rəng və su günəş şüalarının əks edilməsini artırır.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                    

Tərlə birlikdə bədənin su və duz itirməsi "isti yorğunluğu" adlanan halsızlıqla müşahidə edilən sindroma səbəb ola bilər. Əgər bu vəziyyət nəzarətdə saxlanmasa, bədənin temperatur tənzimləmə sistemi pozulur.

Günvurmadan qorunmaq üçün günəşli havada baş örtüyü, eynək, gündən qoruyan krem olmadan gəzmək məsləhət görülmür. Baş örtüyü də açıq rəngli materialdan olmalıdır ki, günəş şüasını az qəbul etsin. İsti havada geyim də enli, açıq rəngli, yüngül, pambıq və ya kətan parçadan olmalıdır.

 

Şərhlər