Parisin Monmartr məhəlləsinə səyahət (FOTO)

“Biz Parisi ona görə sevirik ki, orada Monmartr var”
Tarixən Parisi sevgililər şəhəri adlandırırlar. Buraya dünyanın dörd bir tərəfindən bal ayı keçirmək üçün yeni evlənənlər axışır. Yelisey çölündə gəzintilər, restoranlarda romantik şam yeməkləri, valehedici fransız musiqisi - Parisə səyahətin ayrılmaz hissəsi hesab olunur.

Parisin məhəbbət şəhəri olduğunu ən çox Monmartrda hiss etmək olar. Mulen Ruj, Lapin Agile, Folies Berger kimi məşhur kabarelər (Şou-proqram olan restoranlar - red.) qapılarını sizin üzünüzə açacaq. Bu kabarelər XİX-XX-ci əsrlərdə bir çox istedadlı musiqiçiləri, şairləri, rəssamları və sadəcə romantikləri qoynuna almışdı.

Əlbəttə, əvəzolunmaz Frenk Sinatra, Edit Piafı görə biməyəcəksiniz, amma yenə də ecazkar musiqi, dəbdəbə və gözəllik sizi valeh edəcək. Parissevərlərin təbilincə desək “Biz Parisi ona görə sevirik ki, orada Monmartr var”. Parisin ən yüksək nöqtəsində yerləşən bu tarixi məhəllədən bütün şəhəri asanlıqla izləmək mümkündür.

ANS PRESS sizə Monmartrın ən gözəl yerlərini təqdim edir.



Şəhərin bu məhəlləsinin Monmartr adlandırılmasında iki versiya irəli sürülür. İlkin fərziyyəyə görə burada romalıların dövründə müharibə tanrısının məbədi yerləşib. Bu versiyada adın mənası isə “Mars”ın dağı olaraq tərcümə olunur. Digər fərziyyəyə görə bu ad “əzabkeşlər” dağı kimi tərcümə edilir.

Monmartrın digər adlarından biri La Buttedir. Bu məhəllə XIX əsrdə paytaxta birləşdirilməmişdən əvvəl şəhərdənkənar bir kənd olub. Sonralar əmlakın ucuz olması səbəbindən kasıb rəssamların və digər incəsənət adamlarının məskəninə çevrildi. Monmartrda yerləşən bütün muzeylərdə məhəllənin qədim həyatı qorunub saxlanılır.



Parisin məşhur sevgi divarının da məhz Monmartrda yerləşməsi təsadüfü deyil. Şəhərin ən hündür nöqtəsi sayılan Monmartr təpəsində üzərinə 311 dildə "Mən səni sevirəm!" yazılmış bu lövhə 40 m² sahəsi olan divarı əhatə edir. Hətta Brayl şriftlərinin köməyilə korlar üçün də eyni məzmunlu sözlər yazılıb.

İdeyanın təşəbbüsü Frederik Barondur. O, həmin sözləri əvvəlcə kiçik qardaşına yazdıraraq yazını ərəb, rus, portuqal və s qonşularından öz dillərinə çevirməyi rica edir. Frederik başqa dillər üçün bir neçə səfirliyə də müraciət edərək bu işi yerinə yetirir. Sonda yazıları ahəngdar şəkildə bir araya Kler Kito adlı gözəl yazı xəttinə malik incəsənət xadimi gətirir və hal-hazırda divarda sərgilənən yazılı abidə ərsəyə gəlir.



Əfsanəvi müğənnini Dalidanın adı verilmiş meydan bu məhəllənin ən çox turist axın edən yerlərindən biridir. Burada müğəninin büstü də qoyulub. Əfsanə sevərlərin gəldiyi bu məkanda belə bir inancda var ki,kim müğənninin sinəsinə toxunsa sevgidə bəxti gətirənlərdən olacaq.



Antoine de Montmartre restoranı da bu məhəllənin görməzsəniz olmazlarındandır. Burada İspan mətbəxinin ən gözəl nümunələrini dada bilərsiniz. Barlara getmək istəyənlər isə mütləq “Marlusse et Lapin”i seçsə peşman olmazlar.



Monmartrda gecələmək üçün hər cür qiymətə otellər mövcuddur.Büdcənizə uyğun müxtəlif hostellər vardır. Buna misal olaraq Le Village Hosteli, rahatlıq sevərlər isə Citadines otelini seçə bilər.