Bakı rus turistləri necə cəlb edir?

Xəzərin Dubayı və Qafqazın Parisi.
Bakı- Azərbaycanın paytaxtı
Bakı- Azərbaycanın paytaxtı

Günəşli MisirTürkiyəyə yolları bağlanan ruslar havaların isinməsi ilə yeni kurort məkanlarının axtarışına başlayıblar.  Ötən ilin ən hitlərindən biri Tiflis olub. Bu il isə turizm şirkətləri ona rəqib tapıblar - qonşu Bakını. Xüsusilə manatın devalvasiyasından sonra Azərbaycan turistlər üçün daha cəlbedici olub. ANS PRESS-in məlumatına görə, Rusiya mətbuatı Bakının rus turistləri nə ilə cəlb edə biləcəyini araşdırıb:

Xəzərin Dubayı

Bakı illərdir neft ixrac edən şəhər kimi tanınır. Bu şəhər bu gün də neft istehsalı ilə məşğuldur. Amma bu yağlı maddədən əldə edilən milyonlar şəhərin simasını tamamilə dəyişib. Hava limanından şəhərə kimi hər şey şərq üslubundadır. Əgər sizin bəxtiniz gətirsə və Bakının gecə mənəzərəsi ilə tanış ola bilsəniz, ilk olaraq birinci və ən parlaq təəssüratı işıq dənizi yaşadacaq. Xəzərin sahili, alov kimi işıqlanan binalar... Hətta şəhərin mərkəzindəki ən məşhur bina olan Alov qüllələri də alov dilimlərini xatırladır. 

Bu şəhər Dubayla müqayisə edilir. Düzdür, hələ Bakıda dünyanın ən böyük göydələni və süni adası yoxdur. Amma azərbaycanlılar da milyonlar sayəsində sürətlə dəyişən ərəb ölkələrinin yolundadırlar. 

Bu şəhərdə ən yaddaqalan binalardan biri də Heydər Əliyev Mərkəzidir. Dalğalara bənzəyən bu tikili dünya şöhrətli memar Zaha Hadidin əl işidir. Xalça Muzeyi isə ayrı bir gözəllikdir. Şəhər həm də ən böyük bayrağı ilə öyünə bilər. Amma Bakının elə bir xüsusiyyəti var ki, Dubay onu heç bir pulla ala bilməz - bu isə onun tarixidir. 

Bakının gecə mənzərəsi
Bakının gecə mənzərəsi

Qafqazın Parisi 

Əgər Bakı bu il dünya səviyyəli şəhər olduğunu təsdiq etməli olursa, yüz il öncə buna heç kimin şübhəsi belə yox idi. Burada ilk neft quyusu qazılıb, dünya neftinin 50 faizi toplanırdı. Təbii ki, qızıl fontan inşaat bumu yaradırdı. 

Nəticədə Bakının ticarət aparılan hissəsi gəlmə arxitektorlar  sayəsində o zaman üçün dəbdə olan ar-nuvo stilində inşa edilib.  Daha çox ParisVyanaya bənzəyir. Avropa və şərqin sintezi olan bu şəhər hər kəsdə silinməz xatirələr qoyur. 

Qədim Bakı
Qədim Bakı

Şəhərin mərkəzindəki XII əsrdə inşa edilən Qala divarları Şirvanşahların mərkəzi olanda tikilib. Ad tanış gəldi? Əlbəttə, "Briliyant əl"də eşitmisiniz. Filmin ən maraqlı səhnələrindən biri məhz bu  "naməlum şərq şəhərində" çəkilib. 

Yerli sakinlər məmnuniyyətlə isə məşhur səhnə çəkilən - "çort poberi" (lənət olsun) ifadəsi işlənən yeri sizə göstərə bilərlər. 

Düzdür, Bakı müstəqiliyini bərpa etdikdən sonra latın qrafikasına keçid edib və daha heç yerdə kiril qrafikalı yazılar yoxdur. Amma Bakıda istənilən insan rahat şəkildə ruslarla ünsiyyat qura bilər. Bəzi keçmiş sovet ölkələrindən fərqli olaraq isə bu dildə məmnuniyyətlə söhbət edirlər. 

Novruz süfrəsi
Novruz süfrəsi

Bunun sirri isə ancaq şərq qonaqpərvərliyində yox, həm də siyasətdədir. Sovet ittifaqının dağılmasından uzun illər ötsə də Azərbaycan  rusiyalıların arzu edilən qonaq olduğu azsaylı qonşu ölkələrdən biridir. Restoranda rus dilində menyu yoxdur? Problem deyil. Ofisiantlar sizə orada olanları, milli məhsulları bir-bir təqdim edəcəklər. Kabab, Bakı pomidoru və sairə. Əgər siz onları Bakıda yeməmisinizsə, elə hesab edin ki, dadlarını bilmirsiniz. 

Yeməkdən sonra isə çay dəstgahı başlayır - ətirli çay və müxtəlif mürəbbələr, şərq şirniyyatları. Düzdür, bundan sonra uzun müddət idman zalında məşq etməli, Bakı bulvarında yürüyüşlər etməli olacaqsınız. Yeri gəlmişkən, bu bulvarın ərazisi Qara şəhərin hesabına 50 km-ə qədər uzadılacaq. 

İçərişəhər
İçərişəhər
 

Şərhlər