Türkiyədə Aydın vilayətinin bələdiyyəsi bölgədə turizmə dəstək olmaq məqsədilə Egey dənizində "Airbus A300" təyyarəsini batırıb. Bələdiyyə 36 il əvvəl istehsal olunmuş təyyarəni özəl hava yolları şirkətlərinin birindən 270 min lirəyə - təxminən 140 min manata əldə edib.
ANS PRESS-in "TRT haber"ə istinadən verdiyi məlumata görə, 54 metr uzunluqda olan təyyarə yedəyə alınaraq kurort şəhəri olan Quşadasının sularında batırılıb. Aydın bələdiyyəsi dayvinqi inkişaf etdirməklə daha çox turist cəlb etməyə çalışır.
Nəhəng təyyarə zaman keçdikcə qaya kimi sualtı flora və faunanın həmin hissədə çoxalmasına şərait yaradacaq. 2 saat yarım çəkmiş təyyarənin süni şəkildə suyun dibinə batırılması əməliyyatını yüzlərlə insan izləyib.